Antarktida yarımadasında yerləşən Hektoria buzlağının inanılmaz dərəcədə sürətli geri çəkilməsi elmi ictimaiyyəti heyrətə salıb. Nisbətən kiçik ölçüsünə görə qlobal dəniz səviyyəsinə təsiri məhdud olsa da, Hektoria indiyədək müşahidə olunan buzlaqlardan təxminən 10 dəfə daha sürətlə əridərək sahəsinin yarısına qədərini itirib. Bu hal, həmin proseslərin daha iri buzlaqlarda da baş verə biləcəyi və potensial qlobal fəlakətin yaxınlaşdığı barədə narahatlıqları artırır.
Qaynarinfo xəbər verir ki, iqlim alimləri bu hadisəni "karyeralarının ən pis iqlim xəbəri” adlandırıblar. 2023-cü ilin noyabr-dekabr aylarında buzlaq ən yüksək ərimə sürətinə çatıb. İki ay ərzində Hektoria ən azı 8,2 kilometr geri çəkilib — bu, gündə orta hesabla 134 metr deməkdir. Lakin bəzi dövrlərdə bu məsafə gündə 800 metrə qədər artıb. Belə sürət buzlaqlar üçün imkansız sayılırdı.
Kolorado Universitetindən doktor Naomi Oçvat və həmkarları peyk və hava müşahidələrinə əsaslanaraq 2022-ci ilin fevralından 2023-cü ilin avqustuna qədərki 14 ay ərzində təxminən 25 kilometrlik geri çəkilmə qeydə alıblar. Bu azalmanın 1/3-nin cəmi iki ayda baş verməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərib. Alimlər qlobal istiləşmənin əsas amil olduğunu təsdiqləsələr də, bu qədər sürətli dəyişməyə səbəb olan mexanizmin tam başa düşülməsi hələ mümkün deyil.
Digər qütb buzlaqları kimi Hektoria da gelgit tipli buzlaq sayılır — yəni qaya üzərində başlayıb okean səviyyəsinə çatdıqda üzməyə başlayır. Araşdırmaçılar hesab edirlər ki, bu sürətli geri çəkilmənin səbəbi, buzlağın bir vaxtlar üzməyə başladığı nöqtəyə yaxın "buz ovalığı” adlanan hamar qaya sahəsinə qədər çəkilməsidir.
Bu ovalıqda buz təbəqəsi incəldikcə, buzlaq torpaqdan qoparaq daha yaxın nöqtədə üzməyə başlayıb. Nəticədə, dəniz suyu buzlağın altındakı çatlara daxil olub və əriməni sürətləndirib. Qızan buz qatları böyük hissələrə bölünərək buzdağlarına çevrilib və bu, özünü gücləndirən bir "geri əlaqə dövrü” yaradıb. Alimlər həmin dövrdə qeydə alınan yerli zəlzələlərin də bu parçalanma hadisələri ilə bağlı olduğunu düşünürlər.
2022-ci ilin dekabrında geri çəkilmə pik həddə çatdıqda hava adi haldan isti deyildi. Bu isə prosesin birbaşa hava temperaturundan yox, daha əvvəl ərimiş "sürətli buz” qatının itkisindən qaynaqlandığını göstərir.
Belə sürət müasir dövrdə görünməsə də, bəzi tədqiqatlar göstərir ki, Norveç buzlaqları son Buz Dövrünün sonunda — təxminən 15–19 min il əvvəl — oxşar sürətlə geri çəkilib.
Ən ciddi narahatlıq ondadır ki, Hektoriadan xeyli böyük buzlaqlar da müəyyən hissələrində bu cür "buz ovalıqları” üzərində yerləşir. Hektoria 295 kvadratkilometrlik sahəni əhatə etsə də, Antarktidada ondan yüzlərlə dəfə böyük buzlaqlar var. Onlardan biri, uzunluğu boyu buz ovalığına malik olan məşhur Thwaites - yəni Qiyamət buzlağıdır.
Doktor Oçvat bildirib ki, 2024-cü ilin əvvəlində Hektoria üzərində uçuş zamanı çökmüş bölgələrin miqyası inanılmaz dərəcədə böyük idi: "Bu cür ildırım sürətli geri çəkilmə, qitədəki digər nəhəng buzlaqlar üçün mümkün olanı tamamilə dəyişir. Əgər eyni şərait başqa yerlərdə də yaranarsa, Antarktidada dəniz səviyyəsinin qalxması prosesi kəskin şəkildə sürətlənə bilər".
Araşdırma "Nature Geoscience" jurnalında dərc olunub.
Aydın
Şərhlər