Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deoprtasiya qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.
Xatırladaq ki, ötən il avqustun 17-si 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-ü Bakıya turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər