Xəbər lenti

Ədliyyə Nazirliyindən sərt addım:
Ekonomiks 15:24 23.01.2026

Ədliyyə Nazirliyindən sərt addım: "Azəriqaz" cərimələndi

Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının sahibi "Azəriqaz” İstehsalat Birliyindən (İB) şikayət edib. Sahibkar bildirir ki, qaz sayğacı əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb, faktiki sərfiyyat nəzərə alınmadan normativ hesablanma aparılıb və nəticədə 27 min manat borc formalaşdırılıb. Sözügedən borca görə istixananın qaz təchizatı dayandırılıb və bu, istehsal prosesinə ciddi zərər vurub. Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli qərardadı ilə istixananın qaz təchizatının bərpa edilməsi qərara alınıb. Qərarın qəbulundan 25 gündən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarının icrası təmin olunmayıb.

"Azəriqaz” sayğacın sahibkar tərəfindən alınmamasını səbəb kimi göstərir. Sahibkar isə bildirir ki, ona bu barədə rəsmi müraciət edilməyib və sayğac olmasa belə, məhkəmə qərarına əsasən qaz normativlə hesablanmaqla bərpa edilməlidir.

Sfera.az  qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının dərhal icra olunması zərurəti ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Azəriqaz" qərarın icrası təmin etmədiyi üçün haqqında inzibati xəta haqqında protokol tərtib edilib.

"Bakı Kommersiya Məhkəməsinin 25.12.2025-ci il tarixli icra sənədinə əsasən Ağdaş rayonu, Kükəl kəndində yerləşən istixanaya təbii qazın verilməsinin ayandırılması borclu "Azəriqaz” İstehsalat Birliyinə qadağan olunub. İcra sənədi 26.12.2025-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olub, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə tərəflərə göndərilib. Qərardadın dərhal icra edilməli olduğu nəzərə alınaraq, "Azəriqaz” İB-yə 28.12.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməklə yanaşı, tələbin təmini məqsədilə borclu təşkilatla telefon vasitəsilə də əlaqə saxlanılıb. Bu zaman sözügedən ərazidə boruların yararsız halda olması səbəbi ilə qaz sızması baş verdiyi və nöqsan aradan qaldırıldıqdan sonra qaz verilişinin bərpa ediləcəyi bildirilib. Sonrakı dövrdə də tələb təmin edilmədiyindən 2026-cı ilin yanvar ayının 5-i va 8-i tarixlərində "Azəriqaz" İB ilə yenidən şifahi qaydada əlaqə saxlanılsa da, eyni səbəblər əsas gətirilərək qərarın icrası təmin olunmayıb. İcra sənədinin icrası təmin edilmədiyindən borclu təşkilat barədə 16.01.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə təqdim edilib və hazırda məhkəmənin icraatındadır”, - cavabda qeyd olunub.
--> -->