Xəbər lenti

DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
Siyasət 11:10 02.09.2024

DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər Azərbaycan dövlətçilik tarixində öncəki seçkilərdən kəskin şəkildə fərqlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə Demokratik İslahatlar Partiyasının Milli Məclisə seçkilərlə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, bundan öncə Milli Məclisə keçirilən seçkilərin heç biri bütün ölkə ərazisini əhatə edə bilməyib:

"Seçki prosesinin əvvəlindən başlayaraq sona qədər hər bir addım tam qanunauyğun şəkildə yerinə yetirildi və namizədlər üçün münbit demokratik mühitdə azad seçkilər keçirildi. Seçkidə heç bir maneə ilə rastlaşmadan qeydiyyatdan keçən Demokratik İslahatlar Partiyasının 5 namizədi mübarizə apardı. Seçici imzalarının toplanması, seçicilərlə aktiv təbliğat görüşlərinin keçirilməsi, partiya üzvlərinin müşahidəçi kimi seçki dairələrində qeydiyyatdan keçirilməsi tam sərbəst şəkildə icra olundu. Təbliğat kampaniyası zamanı yaradılan təhlükəsiz mühit seçkilərin demokratik və sərbəst şəkildə keçirilməsinin ilkin qarantı oldu”.

Eyni zamanda qeyd edilib ki, seçki kampaniyası dövründə həm ATƏT-in Seçkiləri Müşahidə missiyası, həm də Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası Demokratik İslahatlar Partiyasının qərargahını ziyarət edərək ölkədəki seçki mühiti və partiyanın namizədlərinə yaradılan şəraitlə maraqlanıblar:

"Partiya sədri Asim Mollazadə onlara partiyanın seçkilərə hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumat verib. Seçki prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb. Demokratik İslahatlar Partiyası ölkə üzrə 9, dairələr və məntəqələr üzrə isə 3360 nəfər müşahidəçi ilə seçki prosesini canlı izlədi. Səsvermə günü beynəlxalq müşahidəçilərlə birgə apardığımız müşahidələr seçkilərin qanunauyğun və azad rəqabət mühitində keçirildiyini sübut etdi. Partiyamız namizədlərin təbliğat və təşviqat kampaniyası üçün yaradılan şəraiti demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirir. Lakin bəzi seçki məntəqələrində müəyyən namizədlər və onların nümayəndələri tərəfindən seçki prosesinin pozulması cəhdlərinə təəssüfümüzü ifadə edirik.

MSK-nın açıqladığı ilkin seçki nəticələrinə və ekzitpolların nəticələrinə əsasən rəqiblərindən daha çox səs toplayan partiyamızın sədri Asim Mollazadə başda olmaqla uğur qazanan digər namizədləri də təbrik edir, bizə etimad göstərən seçicilərə minnətdarlığımızı bildiririk”, - bəyanatda qeyd edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->