ABŞ administrasiyası Çinin ticarət nazirinin müavini Li Çenqanı Vaşinqtona dəvətsiz gəlməsi və ABŞ-ı "qlobal xaosla” hədələməsinə görə sərt şəkildə tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat
yayıb.
Qeyd olunur ki, ABŞ-ın maliyyə naziri Skot Bessant mətbuat konfransında Li Çenqanın avqust ayında Vaşinqtona səfərinin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılaşdırılmadığını bildirib. Onun sözlərinə görə, görüş çox pis keçib.
"Bura 28 avqustda çox alovlu çıxışla gələn bu nazir müavini, görünür, ağlını itirib. O, çox sayğısız idi”, — deyə Bessant bildirib.
Agentlik əlavə edir ki, son həftələrdə ABŞ və Çin arasında gərginlik artıb. Buna səbəb Vaşinqtonun Pekinə qarşı bəzi texnoloji məhdudiyyətləri genişləndirməsi və Çin gəmilərinə ABŞ limanlarına daxil olarkən rüsumlar tətbiq etməyi təklif etməsidir. Çin isə cavab addımı kimi oxşar tədbirlər görüb və faydalı qazıntılarla yanaşı, digər mühüm resursların ixracına nəzarəti sərtləşdirib.
Çin Ticarət Nazirliyi isə bildirib ki, Bessant "faktları ciddi şəkildə təhrif edib”. Pekin vurğulayıb ki, Li Çenqan ABŞ-da Tramp və Çin lideri Si Szinpin arasında əvvəllər başlanan danışıqları davam etdirmək məqsədilə olub.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton müəyyən istiqamətlərdə Çinlə ticarəti dayandıra bilər. Xüsusilə, Ağ Ev rəhbəri Çin hökumətini qəsdən Amerika soyasını almamaqda ittiham edib.
Trampın sözlərinə görə, ABŞ Çinlə bitki yağı istehsalı və digər ticarət sahələrində əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir.
KİV-lərin məlumatına əsasən, bu bəyanatdan sonra ABŞ fond bazarı cəmi 7 dəqiqəyə 450 milyard dollar itirib.
Alpər
Şərhlər