Xəbər lenti

Çin dənizə xeyli sayda silahla yüklənmiş unikal döyüş gəmisi çıxardı
Dünya 23:59 20.01.2026

Çin dənizə xeyli sayda silahla yüklənmiş unikal döyüş gəmisi çıxardı

Çinin ZHONG DA 79 konteyner gəmisi müxtəlif növ silahlarla təchiz olunmuş vəziyyətdə sınaqlar üçün dənizə çıxıb. 
 
Qaynarinfo xəbər verir ki, Strateji və Texnologiyaların Təhlili Mərkəzi kanalının mütəxəssisləri buna diqqət çəkiblər.

Gəminin dənizə çıxmasından əvvəl Şanhaydakı "Hudong-Zhonghua Shipbuilding" tərsanəsində konteynerləşdirilmiş müxtəlif silah nümunələrinin sınaqları keçirilib.

Göründüyü kimi, 97 metr uzunluğundakı gəmidə hər birində dörd şaquli raket buraxılış qurğusu olan 15 konteyner quraşdırılıb (yəni cəmi 60 buraxılış qurğusu). Onlar standart dəniz konteynerləri kimi maskalanıb.

Gəmi iki ədəd 30 mm-lik 11 lüləli "Type 1130" zenit-artilleriya kompleksinə, dörd ədəd "Type 726-4" maneə törədən və saxta hədəf buraxılış qurğusuna, "Type 366" radiolokasiya stansiyasına (örtük altında), həmçinin ümumi aşkarlama üçün hələlik növü müəyyən edilməmiş yeni RLS-ə malikdir.

Beləliklə, çinlilər kommersiya təyinatlı konteyner gəmisini güclü raket platformasına çevirərək "arsenal gəmisi" konsepsiyasını reallaşdırıblar. Ehtimal olunur ki, gəmi həm avtonom, həm də gəmi qruplaşmalarının tərkibində fəaliyyət göstərə bilər.

Bundan əvvəl "Militarnıy" portalının mütəxəssisıəri müəyyən etmişdilər ki, ZHONG DA 79 uzun müddət müntəzəm daxili reyslər yerinə yetirməyib.

2025-ci ilin aprelindən avqustuna qədər gəmi Lunhay tərsanəsində əlavə təchizat prosesində olub, avqust ayından isə Şanhayda lövbər salıb. Görünür, Çin mühəndisləri burada gəminin döyüş gəmisinə çevrilməsinin son mərhələsini həyata keçiriblər.

Mütəxəssislərin fikrincə, arsenal gəmisinin fotoşəkillərinin nümayişi, ilk növbədə, amerikalılar üçün şüurlu bir siqnal ola bilər. Pekin nümayiş etdirir ki, o, dəniz zərbə imkanlarını sürətlə artıra bilər. Bu, xüsusilə Tayvana qarşı yönəlmiş mümkün hərbi əməliyyat kontekstində aktualdır.

Qeyd edək ki, ötən il Çin rəsmən Çin Hərbi Dəniz Qüvvələrinin üçüncü və ən güclü aviadaşıyıcısı olan "Fujian" gəmisini istismara verib. Onun tamamilə ÇXR-də layihələndirildiyi və inşa edildiyi bildirilirdi.

Gəmi uçuş aparatlarını buraxmaq üçün yeni nəsil elektromaqnit katapultları ilə təchiz olunub. Ondan artıq J-15 və J-35 qırıcıları, həmçinin KJ-600 uzaq mənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi buraxılıb.

Sürətlə təkamül edən yalnız Çinin yerüstü qüvvələri deyil. Bundan əvvəl Qərb mütəxəssisləri belə qənaətə gəliblər ki, bir neçə onillik əvvəl səs-küylü, köhnəlmiş və asan hədəf hesab olunan Çin sualtı qayıqları indi daha səssiz və ölümcül hala gəlir.

Alpər
 

--> -->