Xəbər lenti

Ekonomiks 17:42 01.09.2025

"Çin bazarlarının Azərbaycanın üzünə açılması ölkəmizə əlavə dividentlər qazandıracaq" - Ekspert

"Bakı ilə Pekin arasında əməkdaşlığın genişlənməsi Orta Dəhliz layihəsi üzrə uğurun əsas təməli olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın sədri Natiq Cəfərli Azərbaycanla Çin arasında iqtisadi əlaqələrə və onun inkişaf perspektivinə toxunarkən deyib. 

"Çin dünyanın ən böyük iqtisadiyyatına malik bir ölkədir. Bu mənada Azərbaycanla Çin arasında iqtisadi münasibətlərinin artması ölkəmizə əlavə üstünlüklər qazandıracaq", deyə ekspert qeyd edib. 
 


Həmsöhbətimizə görə, burada ən vacib olanı Çin investisiyasının Azərbaycana cəlb edilməsidir:

"Milyard yarımlıq əhalisi olan Çin bazarlarının Azərbaycan məhsullarının üzünə açılması ölkəmizə əllavə dividentlər qazandıracaq. Burada ən vacibi isə Çin investisiyasının Azərbaycana cəlb edilməsinə nail olmaqdır. Həmçinin, Orta dəhliz layihəsində Çinlə əməkdaşlığımızın genişləndirilməsi həmin layihənin uğurunun əsas təməlini təşkil edə bilər. Çinin burada birbaşa iştirakı təmin edilməsə, həmin layihənin gələcəkdə ən azından uğurlu olmasında şübhələr yarana bilər. Ona görə də Çin vacib ölkədir. Pekinlə Bakı arasında əlaqələrin daha da dərinləşməsi və inkişafı hər iki ölkə üçün həyatı əhəmiyyətə malikdir".

Qeyd edək ki, jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Azərbaycanla sıx əməkdaşlıq etdiyini bildirib. Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 40 faiz artıb və bu, son hədd deyil: 

"Azərbaycan və Çin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını daha da inkişaf etdirməyə davam edəcək. Hazırda bu əməkdaşlıq süni intellekt, bərpaolunan enerji və rəqəmsal transformasiya sahələrini də əhatə edir".

Şöbə müdirinin sözlərinə görə, Ermənistan-Azərbaycan sülh sazişində yer alan və Zəngəzurdan keçən dəhlizinin açılışı Orta Dəhlizin imkanlarından daha geniş istifadəni təmin edəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->