Xəbər lenti

Cənubi Qafqazın təhlükəsizliyi, Parisin təxribatı, Londonun cavab addımları (ŞƏRH)
Siyasət 14:05 30.10.2024

Cənubi Qafqazın təhlükəsizliyi, Parisin təxribatı, Londonun cavab addımları (ŞƏRH)

"Cənubi Qafqazda təhlükəsizlik məsələsi, xüsusən də Fransanın son dövrlər aktivləşməsi, kəşfiyyatçılarını Avropa İttifaqı bayrağı altında deyil, öz bayrağı altında Azərbaycan sərhədində yerləşdirməsi Bakını da əks tədbirlər görməyə vadar edə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Böyük Britaniyaya səfərinin məqsədini şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, Əmirbəyovun səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyır:

"Böyük Britaniya bəzi Avropa ölkələri kimi birbaşa Azərbaycan əleyhinə fəaliyyət göstərmir. Əksinə, əksər hallarda Azərbaycanın haqlı maraqlarını müdafiə edir. Ona görə də Londonla əlaqələrimizin genişlənməsi Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələlərdir. Beynəlxalq aləmdə, digər təşkilatlarda son dövrlər ölkəmizə qarşı olan hücumlarla bağlı təbii ki, Azərbaycan da əks tədbirlər görməlidir. Ona görə də özümüzə yaxın hesab etdiyimiz dövlətlərlə yeni əlaqələrin yeni mərhələsinə gəlib çıxmalıyıq. COP29 bütün dünyanın maraqlarına cavab verən tədbirdir. Ola bilsin ki, Əmirbəyovun səfəri çərçivəsində COP29 tədbirində təhlükəsizlik məsələləri də müzakirə olunub. Çünki Britaniyanın təhlükəsizlik məsələlərinə cavabdeh rəhbərlərlə görüşmək adi məsələ deyil. Cənubi Qafqazda təhlükəsizlik məsələsi, xüsusən də Fransanın son dövrlər aktivləşməsi, kəşfiyyatçılarını Avropa İttifaqı bayrağı altında deyil, öz bayrağı altında Azərbaycan sərhədində yerləşdirməsi Bakını da əks tədbirlər görməyə vadar edə bilər". 
 


Ekspert qeyd edir ki, bu cür görüşlər barədə adətən ümumi xarakterli məlumatlar verilir:

"Konkret xarakterli məlumatlar isə verilmir. Ola bilsin ki, təhlükəsizlik sahəsində iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlıq, qarşılıqlı surətdə bir-birilə əlaqələndirmələr, COP29 tədbirin təhlükəsizliyi məsələsində fəaliyyətlərin əlaqələndirilməsi, məlumatların bir-birinə ötürülməsi və digər məsələlər müzakirə olunsun".

Qulamhüseyn Əlibəyli düşünür ki, Böyük Britaniya nümayəndələrinin iştirak etməsi fonunda COP29 tədbirinin təhlükəsizliyinin təmin edilməsində həmin ölkənin iştirakı da mümkündür: 

"Çünki əksər ölkələrin nümayəndələri həmin ərəfədə ölkəmizdə olacaq. Ona görə burada təhlükəsizlik tədbirlərinin görülməsində birgə fəaliyyətin həyata keçirilməsi də mümkündür".
 
Həmsöhbətimiz hesab edir ki, Fransa kəşfiyaytçılarının Ermənistanın Azərbaycanla sərhədində yerləşməsi fonunda, sözügedən görüşdə Böyük Britaniyadan olan mülki missiyanın əks mövqedə yerləşməsi məsələsinin müzakirəsi də gözləniləndir:

"Amma güman edirəm ki, bu məsələ Azərbaycan üçün o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan sərhədlərini öz sərhədçiləri qoruyur. Digər tərəfdən Türkiyədən olan missiyanın həmin ərazidə yerləşdirilməsi də yetərli olar". 

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyada işgüzar səfərdədir. Burada o, milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou, xarici işlər, birlik və inkişaf naziri Stiven Douti, Böyük Britaniya parlamentinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov X hesabında məlumat verib. 

Bildirilib ki, tərəflər arasında Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh gündəliyini və COP29 müzakirə olunub. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->