Xəbər lenti

BVF-dən Ukrayna müharibəsinə görə Qafqazda yoxsulluqla bağlı məyusedici proqnoz
Ekonomiks 15:20 01.12.2022

BVF-dən Ukrayna müharibəsinə görə Qafqazda yoxsulluqla bağlı məyusedici proqnoz

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyanın Ukraynadakı müharibəsi yaşayış xərclərinin artması və Rusiyadakı işçilərin pul köçürmələrinin azalması səbəbindən Qafqaz və Mərkəzi Asiyada yoxsulluğu artıra biləcəyini proqnozlaşdırır.

Bu barədə Qaynarinfo BVF-nin saytına istinadən xəbər verir.

BVF analitiklərinin fikrincə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsi baş verəndə Qafqaz və Mərkəzi Asiya ölkələrinin Rusiya ilə yaxınlığı və sıx iqtisadi əlaqələri səbəbindən müharibədən ən çox zərər çəkən ölkələr arasında olacağı gözlənilirdi.

"Amma nə qədər qəribə olsa da, regionun əksər ölkələrində iqtisadi fəallıq qismən gözlənilməz müsbət təsirlər, xüsusən də regiona gəlirlərin və maliyyə axınının kəskin artması sayəsində indiyədək normal səviyyədə qalıb”, - ekspertlər qeyd edirlər.

Lakin bu əlavə təsirlərə baxmayaraq, BVF-nin regional iqtisadi proqnozu onu deməyə əsas verir ki, Ukraynadakı müharibə Qafqaz və Mərkəzi Asiya ölkələrində yoxsulluğu təxminən 1 faiz bəndi artıra bilər. Bu, ilk növbədə inflyasiya prosesləri və pul köçürmələrinin azalması hesabına baş verəcək. Bu o deməkdir ki, yaxın illərdə 1 milyona yaxın insan daha da yoxsullaşa bilər.

"Müharibənin ağır yükünü ən yoxsul ölkələrin ən yoxsul insanları çəkəcək. Hələ müharibədən əvvəl regionda inflyasiya yüksəlirdi. Lakin müharibənin dünya ərzaq və enerji qiymətlərinə təsiri inflyasiya proqnozunu pisləşdirib. Baxmayaraq ki, indi ərzaq qiymətləri müharibədən əvvəlki səviyyədən aşağıdır, onlar hələ də 2021-ci il üçün orta göstəricilərdən xeyli yuxarıdır”, - BVF qeyd edir.

Ərzaq qiymətlərinin yüksək olması əmanətləri olmayan və gəlirlərinin böyük bir hissəsini - 60-70%-ni ərzağa xərcləyən aztəminatlı ailələri narahat edir. Azərbaycan, Qırğızıstan və Tacikistanda vəziyyət belədir.

Bu regionda əhalinin yoxsullaşmasına səbəb olan digər amil Rusiyadan pul köçürmələrinin azalmasıdır, çünki insanların əksəriyyəti evlərinə qayıdıb və Rusiyaya qarşı uzunmüddətli sanksiyalar bu ölkədə əmək bazarını dəyişib. Bu, miqrasiya modellərinin daimi dəyişməsinə və Rusiyadan pul köçürmələrinin azalmasına səbəb olur. Belə ki, Ermənistan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda pul köçürmələri ÜDM-in 10-30%-ni təşkil edib.

"Rusiya bu ölkələrin əksəriyyəti üçün, xüsusən də Qırğızıstan və Tacikistan üçün ən mühüm pul köçürmə mənbəyidir. Tarixən Rusiyadan pul köçürmələri Rusiyanın ÜDM-i ilə sıx bağlıdır - ÜDM nə qədər yüksək olsa, pul köçürmələrinin səviyyəsi də o qədər yüksəkdir", - BVF analitikləri izah edirlər.

Bununla belə, Rusiyanın ÜDM-də proqnozlaşdırılan itkilərini nəzərə alsaq, Rusiyadan pul axınının azalması əhəmiyyətli ola bilər. Bu da öz növbəsində bu pula gəlir mənbəyi kimi güvənən bir çox ailələrə təsir edəcək.

Fondun ekspertləri qeyd edirlər ki, inflyasiya gözləntiləri və pul köçürmələrinin azalması davam edərsə, çox güman ki, bu region ölkələrinə əlavə ünvanlı dəstək tələb olunacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->