Hüseynbala Mirələmov
Anarı yazıçı olaraq ilk dəfə "Keçən ilin son gecəsi"ndə tanımışam. 1960-cı ildə qələmə alınmış bu hekayəni oxuyanda çox gənc idim. Anar nəsrinin ovsunlayıcı gücü yaşımın azlığına baxmayaraq o gənclik dövrümdə hər cümləsi ilə tutmuşdu məni: "…bir gün gələcək, hamısı böyüyəcək, boya–başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir–bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür..."
Bəlkə də həmin vaxtlar məni xüsusilə təsirləndirən məqam o idi ki, bu hekayənin insanlar tərəfindən rəğbətlə qarşılandığı o illərdə mənim də ədəbiyyata xüsusi vurğunluğum başlamışdı, ilk qələm təcrübələrim rayon qəzetində işıq üzü görürdü. Yəni o illərdə nəsr, xüsusilə də şeirlərinə vurğun olduğum bir şairin oğlunun möcüzəvi nəsri ürəyimin ritmi ilə üst-üstə düşmüşdü, məni riqqətə gətirmişdi. Bəlkə də yazıçı Anarla tanış olmaq arzusu da "Keçən ilin son gecəsi”ndən sonra yaranmışdı. Mən ürəkdən istənən arzuların gerçəkləşdiyinə inanan insanlardanam…
…O hekayənin yazılmasının üstündən bir igidin ömrü keçəcəkdi. Az qala 20-25 il sonra – 1980-ci illərdə Lənkəranda şəxsən tanış olacaqdıq, Lerik dağlarını Anarla və Elçin Əfəndiyevlə birlikdə gəzəcəkdik, uzun əsrlərin o tayından ulu əcdadlarımızdan bizə əmanət qalan tarixi abidələrə birlikdə baxacaqdıq… Və Elçin 1986-cı ildə işıq üzü görən ilk kitabımın - "Tənha durna uçuşu”nun ön sözündə bu unudulmaz məqamları da qeyd edəcəkdi: "Hüseynbala Lənkəranda yaşayır və biz Lerik dağlarını birlikdə (Hüseynbala, Anar və mən) dolaşmışıq, uzun-uzun əsrlərdən bizə yadigar qalmış abidələrə birlikdə baxmışıq, qədim qəbiristanlıqları qarış-qarış gəzmişik və ulu babalarımızın qüdrətindən, qəhrəmanlığından, eyni zamanda böyük sənətkarlığından xəbər verən, kiçikliyindən- böyüklüyündən asılı olmayaraq əzəmətli monumental qoç heykəllərinin qarşısında birlikdə dayanmışıq, düşünmüşük...”
Həmin vaxt oradakı düşüncələrimin nə olduğunu indi tam xatırlamasam da, "Keçən ilin son gecəsi”ndən üzü bəri başlanan və indiyədək davam edən Anar nəsrinə yaradıcı heyranlığımın da həmin düşüncələrin arasında yer aldığından əminəm.
Anarla ilk şəxsi tanışlığım zamanı da onun "Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər”- cümləsini yenidən xatırlamışdım və ürəyimdə təsdiqləmişdim. Anası Nigar Rəfibəylinin mənsub olduğu ləyaqətli bir nəslin bütün əsalətini özündə daşıyan Anar həm də poeziyasına heyran olduğum və yaradıcılığına "Rəsul Rza haqqında yeddi nəğmə” adlı əsərimi həsr etdiyim, modern olduğu qədər də milli şair Rəsul Rzanın oğludur. Yeri gəlmişkən, elə həmin əsərdən bəzi cümlələri xatırlatmaq yerinə düşər: "Rəsul Rzanın şeirləri hansı formada yazlmasından aslıl olmayaraq xalqın bədii təfəkküründən bəhrələnir. Elə buna görə də bu qüdrətli sənətkarın yazılarında torpağa bağlılıq hissi çox güclüdür. Rəsul Rza yaradıcılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, Azərbaycan poeziyasını yeni bədii ifadə vasitələri, yeni şeir formaları ilə zənginləşdirmişdir”. Və Anar özündən əvvəlki nəsillərindən aldığı bütün bu mənəvi zənginlikləri təkcə təkrarolunmaz şəxsiyyətinin özəyində yox, həm də özünün bəşəri yaradıcılığının mahiyyətində daşıyan təvazökar olduğu qədər böyük, böyük olduğu qədər də sadə bir yazıçıdır.
"Keçən ilin son gecəsi”ndən sonra isə oxucu diqqətimin lövbəri yazıçının Sovet rejiminin tufanlarının tüğyan elədiyi bir vaxtda mənəvi boşluğu damğalayan "Ağ liman”ında bənd aldı. Və düşünürəm ki, bu əsərdən sonra Anar təkcə mənim yox, elə bütün oxucularının qəlbində hərf-hərf, söz-söz, cümlə-cümlə, əsər-əsər böyüdü. Onun oxuculara yaxşı tanış olan çoxsaylı əsərlərinin hələ keçən əsrdən böyük bir pərəstişkar ordusu topladığı da gün kimi aydın həqiqətlərdəndir. Anar yazıçı kimi oxucu qəlbində mərtəbə - mərtəbə ucalmağın kitabını isə "Beşməırtəbəli evin altıncı mərtəbəsi”ndə yazdı. 80-ci illərin gəncliyinin əldən-ələ ötürüb acgözlüklə oxuduğu bu misilsiz eşq romanı həm də bir mənəviyyat epopeyası idi.
Anar böyük yazıçı olmaqla bərabər həm də həssas bir insandır. "Hər yerindən duran uğursuzun” ona daş tolazlamağa çalışmasını bəzən müstəsna təmkinlə qarşılayacaq qədər səbirli, bəzən də layiq olduqları sərtliklə cavablandıracaq qədər ötkəm ruhludur.
Anarın vətəndaş mövqeyi "Yaşamaq haqqı”ndadır, söy-kökümüzə sayğısı "Dədə Qorqud”dadır, mənəvi qoruyucu gücü "Qobustan”dadır. Bütün əsərlərində bu və ya digər dərəcədə Anar özü var, eyni zamanda hər bir əsərində də Anardan nələrsə var. Anar həm "Sizsiz”i yazacaq qədər xeyirli bir övlad, həm də "Gün keçdi” dadında ssenari müəllifliyinə qadir bir insan ruhu sərrafıdır.
Anar hansı mövzuda yazmasından asılı olmayaraq böyük vətənpərvər yazıçıdır, çünki hər bir əsərində bədii sözün ecazkar gücüylə çəkilmiş doğma Vətəni, xalqı tərənnüm edən tabloları var.
Anarın vətənpərvərliyi təkcə öz əsərlərində deyil, başqa müəlliflərin yaradıcılığına bildirdiyi diqqətli münasibətdə də öz əksini tapır. Misli görünməmiş erməni qəddarlığının danılmaz faktlar və tarixi sənədlər əsasında bədii ümumiləşdirmələrlə 2021-ci ildə yazdığım "Şərəfsizlik tarixi” yaxud Vernadski prospektində” sənədli prozasına xalq yazıçısı Anarın yazdığı ön sözdə bir daha bunun şahidi oldum və bu, mənə həm də bir yazıçı kimi sonrakı yaradıcılığımda əlavə stimul verdi: "Tarix boyu qonşu millətlərə qarşı erməni vəhşətindən bəhs edən xeyli kitab nəşr olunub. Bu barədə türk, rus, ingilis, amerikan, fransız, gürcü müəlliflər, hətta nadir hallarda hayların özləri yazıb. Bu kitabların bir çoxuyla - Azərbaycan, türk, rus dillərində və rus dilinə tərcümələrdə tanış olmuşam. Həmin kitablarla müqayisədə belə Hüseynbala Mirələmovun salnaməsi Quzey və Güney Azərbaycanda, hətta Rusiya ərazilərində ağlasığmaz erməni qəddarlığı haqqında ən dolğun və zəngin məxəzdir.
Hüseynbala Mirələmov humanist Azərbaycan ziyalısı, yazıçısı kimi əsərinin sonunda erməni personajlarına da rəhm eləyir. Onlar yazdıqları yalançı "şərəf tarixi"ndən imtina edib xalqlarının bəd əməllərindən və özlərinin yanlış əqidələrindən peşman olub düz yola çıxırlar.
Təki yalnız bədii əsərlərdə deyil, real həyatda da belə olaydı.
Mənə görə elə bununçün Hüseynbala Mirələmovun əsəri Türkiyə türkcəsinə, rus və ingilis dillərinə, bəlkə də ilk növbədə erməni dilinə çevrilib geniş yayılmalıdır”.
Xalq yazıçısının bu arzusu da onun vətəndaş kimliyinin və millətimizin həqiqətlərini dünyaya çatdırmaq arzusunun ən bariz göstəricilərindəndir.
Anar yaşanmış bütöv bir zamanın özüdür, məşhur bir ədəbi epoxanın həm layiqli təmsilçisi, həm də qüdrətli lokomotividir. O, keçmişlə gələcəyin qovuşuğunda indimizin olduğu nöqtədə qərar tutmuş mənəvi dəyər ünvanlarımızdandır. Yaradıcılığının zənginliyi, çoxşaxəliliyi və şəxsiyyətinin hər yönü ilə təkcə Azərbaycan ədəbiyyatında deyil, dünyanın bir çox yerindən görünür, çünki aid olduğu hər yerə , xüsusilə də oxucu qəlbinə adını böyük hərflərlə yazdırmağı bacarıb ANAR. Ədəbiyyata, yaradıcılığa həsr etdiyi və dolu-dolu yaşadığı bu şərəfli ömrün hər hərfinin böyüklüyündə ANAR yaşayır və daim yaşayacaq!
Dəyərli xalq yazıçımızın 85 illik yubileyi mübarək Novruz bayramı öncəsinə, ilin son çərşənbəsinə təsadüf edir. Bu müqəddəs gündə yubilyara Novruzun çərşənbələri rəngində səmimi arzularımı çatdırıram! Doğma və əziz Anar müəllim, Sizə bundan sonrakı ömrünüzdə də alovu ilə hər maneəni aşmağa qabil olan odun əbədiyaşarlığını, dənizlərin və dağların üzərindən keçərək onların gücünü özündə daşıyan rüzgarın enerjisini, qayım-qədimliyi ilə yanaşı hər bahar təzədən yenilənən, yaşıllaşan, hər şeyə can verən, həyat bəxş edən ana torpağın gümrahlığını və özündə minillərin yaddaşını daşıyan suyun ömrünü arzulayıram!
Şərhlər