Xəbər lenti

Bir neçə Aİ ölkəsi Əfqanıstandakı səfirliklərini yenidən açmaq istəyir -
Dünya 16:43 16.07.2024

Bir neçə Aİ ölkəsi Əfqanıstandakı səfirliklərini yenidən açmaq istəyir - "Bloomberg"

Taliban Kabili ələ keçirdikdən üç il sonra bir sıra Aİ ölkələrində səlahiyyətlilər Əfqanıstanda səfirliklərin yenidən açılması imkanını müzakirə edirlər, bu da Talibanın ölkədə rəsmi hökumət kimi tanınması deməkdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” öz mənbələrinə istinadən yazır.

Yüksək səviyyəli avropalı diplomatlardan biri nəşrə bildirib ki, Brüsseldə Talibanla bağlı baxışlar Aİ ölkələrinin nümayəndələrinin Əfqanıstanda fiziki iştirakının zəruriliyini tanımaq istiqamətində dəyişib. Onun sözlərinə görə, bu, inkişaf layihələrinin həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsi və ümumilikdə ölkədə strateji varlığın yaradılması üçün lazımdır.

Bildirilir ki, İtaliya hakimiyyəti bu məqsədlə Əfqanıstan paytaxtında kəşfiyyat əməliyyatı keçirib. Həmçinin ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tayani İtaliyanın Əfqanıstandakı səfirinin hazırda Qətərdə olduğunu təsdiqləyib. Tayaninin sözlərinə görə, İtaliya hakimiyyəti Talibanla diplomatik əlaqələr qurmaq üçün "çalışır”. O, həmçinin Əfqanıstanda "insan haqları problemlərinin” olduğunu vurğulayıb və qeyd edib ki, "həlli çox çətindir, bunun üçün vaxt lazımdır”.
Qətərdə olan İspaniya səfirinin Kabilə köçürülməsi zərurətini bu ölkənin xarici işlər naziri Xose Manuel Albares də müzakirə edib. Təhlükəsizlik məsələləri əsas maneə olaraq qalır.

Fransa rəsmisi "Bloomberg”ə verdiyi şərhdə bildirib ki, hələlik Fransanın səfirliyinin açılması planı olmasa da, bu məsələ "hər halda nə vaxtsa həll olunmalıdır”. Britaniya hakimiyyət orqanları, ispanlar kimi, Əfqanıstanda diplomatik mövcudluğun bərpasına əsas maneə kimi diplomatların təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliyi göstərirlər. Və yalnız Ağ Ev "Bloomberg”in sualına birmənalı cavab verib: Taliban insan hüquqlarını, ilk növbədə qadın hüquqlarını pozmaqda davam etdikcə, Birləşmiş Ştatlar Talibanı tanımayacaq və ya Amerika səfirliyini Kabildə yenidən açmayacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->