Xəbər lenti

BCM Putinə qarşı həbs orderi verdikdən sonra hakerlərin hücumuna məruz qaldı
Dünya 17:20 21.09.2023

BCM Putinə qarşı həbs orderi verdikdən sonra hakerlərin hücumuna məruz qaldı

Hakerlər prezident Vladimir Putinin həbsinə order verən və Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sistemlərinə nüfuz edib. BCM kibertəhlükəsizlik mütəxəssisləri keçən həftə "anomal aktivlik” aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir.

"Bu hadisəyə reaksiya vermək və nəticələrini yumşaltmaq üçün dərhal tədbirlər görülüb", - məhkəmənin açıqlamasında deyilir. Hazırda Niderland rəsmilərinin köməyi ilə araşdırma aparılır.

BCM hücumun hansı məlumat bazasına təsir etdiyini açıqlamayıb. Onun mahiyyəti və miqyası da açıqlanmır. Məhkəmə rəsmiləri yalnız "məhkəmənin əsas işinin davam etdirilməsini təmin etməyə" diqqət yetirərək "insidentin nəticələrini təhlil etməyə və yumşaltmağa davam etdiklərini" söyləyirlər. Mütəxəssislər həmçinin bulud texnologiyalarının sürətləndirilmiş tətbiqi də daxil olmaqla məhkəmə sistemlərinin kibermühafizəsinin təkmilləşdirilməsi üzrə tədbirlər görəcəklər.

NOS-dakı mənbə bildirib ki, haker hücumu nəticəsində çox sayda məxfi sənədlər oğurlanıb. Lakin BMC bu məlumatı təsdiqləməyib. Məhkəmə sözçüsü hücumun arxasında kimin dayandığı, hakerlərin sistemlərə necə nüfuz etməsi və hər hansı məlumatları oğurlayıb-oğurlamadıqları ilə bağlı suallara cavab verməkdən imtina edib.

2023-cü ilin avqustunda BMC prokuroru Kərim Xan kiberhücumların gələcək müharibə cinayətləri ilə bağlı araşdırmaların predmeti ola biləcəyini söyləyib və məhkəməni potensial təhlükələrə qarşı müdafiəsini gücləndirməyə çağırıb.

İstintaqların gedişi və şahidlər haqqında məlumat əldə etmək üçün BMC məlumat bazalarını sındırmaqda maraqlı ola biləcək mümkün şübhəlilərin uzun siyahısı var. "Reuters”in məlumatına görə, məhkəmə hazırda Ukrayna, Uqanda, Venesuela, Əfqanıstan və Filippinə dair 17 işə baxır.

Mart ayında BCM hakimləri Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı uşaqları Ukraynanın işğal olunmuş ərazilərindən qanunsuz deportasiya etdiklərinə görə həbs orderi verib. 

KnowBe4 şirkətinin EMEA region üzrə təhlükəsizlik məsləhətçisi Cell Virinqa The Register-ə bildirib ki, həbs orderləri BCM-ni "kiberhücumlar üçün əsas hədəf” edir. Onun sözlərinə görə, hakerlər son nəticədə BCM-nin işinə xələl gətirmək üçün "onları saxtalaşdırmaq, habelə kəşfiyyat məlumatları əldə etmək üçün” müvafiq cinayət işlərinə müdaxilə etməyə çalışırlar.

Bundan əvvəl Niderland xüsusi xidmət orqanları QRU-nun göstərişi ilə Viktor Müller Ferreyra adına saxta Braziliya pasportundan istifadə edərək Haaqa məhkəməsində işə düzəlməyə çalışan rusiyalı casus Sergey Çerkasovu saxlayıb. O, arzuolunmaz şəxs elan edilib və Braziliyaya geri göndərilib. Sonradan bu ölkənin hakimiyyət orqanları onu ABŞ-a ekstradisiya etməkdən imtina etsə də, Rusiyaya ekstradisiya tələbini təmin edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->