Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub.
Azərbaycan Basketbol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 20 yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələri ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək.
18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun 23-28-də Albaniyanın Elbasan şəhərində təşkil olunacaq C divizionunun B qrupunun oyunlarında Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək.
Eyni yaş qrupu üzrə qızlardan ibarət kollektiv isə həmin tarixlərdə Kosovonun Priştina şəhərində keçiriləcək C divizionunun B qrupunun matçlarında Albaniya, Gürcüstan və Ermənistan yığmalarını sınağa çəkəcək.
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya, Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. Görüşlər iyulun 9-14-də Albaniyanın Durres şəhərində olacaq.
Eyni tarixlərdə qızlardan ibarət U-16 yığması isə C divizionunun A qrupunda Gürcüstan, Ermənistan və Kipr seçmələrinə rəqib olub. Bu qrupun oyunları Cəbəllütariqdə keçiriləcək.
Şərhlər