Səbail rayonu, Bibiheybət qəsəbəsindəki restoranların birində 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun ölümündə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Azər Ömərovun ölümündə təqsirləndirilən ofisant yoldaşı, 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu Bakı Ağır Cinayətlər Məhkəməsində özünü qismən təqsirli bilib.
Rüfət Ələkbərov deyib ki, Azərlə münasibətləri iş yoldaşı kimi hər zaman yaxşı olub. Aralarında heç vaxt dava-dalaş, mübahisə olmayıb. Mərhumla bərabər özü də restoranda ofisant işləyib.
Hadisə günü hava yaxşı olduğundan stolları restoranın həyətinə çölə çıxarıblar. Həmin vaxt bir-birləri ilə əllə zarafat ediblər. Azər gülə-gülə ona "indi sən məni qıdıqlamaq istəyirsən" deyib və üzərinə gəlib. Onlar daha sonra zarafata güləşiblər.
Rüfət iki əl ilə Azərin ayaqlarından tutduqdan sonra onu sağ çiyin nahiyyəsinə qaldırıb və oradan arxası üstə başı aşağı restoranın daş döşəməsinə tullayıb. Azərin başı restoranın daş döşəməsinə çırpılıb. Bundan sonra vəziyyəti pisləşib. Rüfət dərhal ona kömək edərək ayağa qaldırmağa çalışıb. Lakin Azər bir az qalxdıqdan sonra yenidən dizləri üzərinə çöküb və daha sonra yerə yıxılıb. Onlar güləşən zaman restoranda olan digər işçilər də onlara baxıb gülüb və hamı zarafatlaşdıqlarını bilib. Azər yerə uzandıqdan sonra əsməyə başlayıb, həkim gələnə kimi vəfat edib. Rüfət törətdiyi əməldən peşman olduğunu və hadisəni bilərəkdən deyil, zarafat edərkən baş verdiyini etiraf edib.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirlədirilən şəxsin dedikləri həqiqətə uyğun olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Rüfət Əkbərli Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Əhməd
Şərhlər