Xəbər lenti

Bakıda dayə ev sahibinin 11 min manatlıq zinət əşyalarını oğurladı
Ölkə 15:03 03.04.2026

Bakıda dayə ev sahibinin 11 min manatlıq zinət əşyalarını oğurladı

Bakıda dayə xidmət etdiyi evdən oğurluq edib.

Qaynarinfo-nun məlumatına görə, Aybəniz Quliyeva (ad və soyad şərtidir) ev sahibinə məxsus 11 729 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. 

Ev sahibinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Aybəniz Quliyeva saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb. 

Müttəhim məhkəmə zamanı özünü verilmiş ittihamla təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmişə dəymiş ziyanın ödənildiyini bildirib. 

Məhkəmənin hökmü ilə Aybəniz Quliyevaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid
--> -->