Abşeron rayonunda həyat yoldaşını çarpayıya zəncirləyən 1980-ci il təvəllüdlü Bədrəddin Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Qaynarinfo "Teleqraf"a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. O bildirib ki, evə quraşdırdığı kameralara mobil telefon vasitəsilə baxarkən həyat yoldaşının telefonda qrup şəklində görüntülü danışdığını görüb. Bundan qəzəblənən B.Məmmədov mağazadan dəmir zəncir və iki ədəd qıfıl alaraq evə gəlib və arvadını "cəzalandırmaq" qərarı verib.
Qadın tanımadığı şəxslərlə sadəcə proqram vasitəsilə söhbət etdiyini desə də, Bədrəddin fikrindən daşınmayaraq onu çarpayıya zəncirləyib. Həyat yoldaşını beş saat boyunca qanunsuz olaraq azadlıqdan məhrum edən şəxs bu müddət ərzində ona cəmi iki dəfə ayaqyoluna getməyə icazə verib.
Ailə yaxınlarının Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları gəlib və qadın zəncirdən azad edilib. Faktla bağlı cinayət işi açılıb.
Zərərçəkmiş qadın məhkəmədə ərinin çox qısqanc olduğunu, onun evdən çıxmasına və kimsə ilə ünsiyyət qurmasına icazə vermədiyini təsdiqləsə də, şikayətçi olmadığını və həyat yoldaşı ilə barışdığını bildirib.
Məhkəmənin qərarına əsasən, "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunmuş amnistiya aktı təqsirləndirilən şəxsə tətbiq edilib. Beləliklə, onun barəsində Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə aparılan cinayət təqibinə və işin icraatına xitam verilib.
Şərhlər