Xəbər lenti

AYB: Sayman Aruz Güney Azərbaycanla bağlı məsələləri öz inhisarında saxlamağa çalışırdı
Ölkə 18:29 30.12.2025

AYB: Sayman Aruz Güney Azərbaycanla bağlı məsələləri öz inhisarında saxlamağa çalışırdı

Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan Ədəbiyyatı komissiyasının işi ilə bağlı qərara aydınlıq gətirib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, dekabrın 23-də AYB Katibliyi bu komissiyanın işini və AYB sədrinin müşaviri Sayman Aruzun fəaliyyətini müzakirə edib.

Bildirilib ki, Sayman Aruzun da iştirak etdiyi toplantıda onun fəaliyyətində müəyyən nöqsanlar qeyd edilib: "Sayman Aruzun həm adı keçən komissiyanın sədri, həm də AYB sədrinin müşaviri kimi iki vəzifə tutduğundan Güney Azərbaycanla bağlı bütün məsələləri öz inhisarında saxlamağa çalışdığı qeyd edilib".

Məlumatda deyilir ki, Sayman Aruzu Güney Azərbaycan ədəbiyyatının bilicisi kimi sədrin müşaviri vəzifəsində saxlamaq qərarı verilib, eyni zamanda, komissiya sədrliyinə Xalq şairi Sabir Rüstəmxanlının namizədliyi irəli sürülüb. Həmçinin komissiyanın tərkibi də genişləndirilib.

Toplantıda iştirak edən Sayman Aruzun da Sabir Rüstəmxanlının namizədliyini dəstəklədiyi vurğulanıb.

Məlumatda o da bildirilib ki, Güney Azərbaycandan 200 nəfərin imzası ilə gələn məktub AYB Katibliyinin qərarına heç bir təsir göstərməyib, Sayman Aruzun işindəki nöqsanları komissiyanın üzvləri də göstəriblər.


--> -->