Xəbər lenti

Attestat ala bilməyən, təhsil arzusu yarımçıq qalan gənclər - Onlar ali məktəbə necə qəbul olunsun?
Ölkə 13:52 29.10.2024

Attestat ala bilməyən, təhsil arzusu yarımçıq qalan gənclər - Onlar ali məktəbə necə qəbul olunsun?

Son illər şagirdlərin müxtəlif səbəblərdən - psixoloji durumlar, ailə problemləri və ya həyatdakı digər çətinliklərdən orta məktəbi yarımçıq qoyması hallarının çoxalması təəssüf ki, təhsil sisteminin ən böyük problemidir. Həmin şagirdlər, gənclər attestat almadan məzun olurlar. Bu da onların ali təhsil müəssisələrinə qəbul olunmaq imkanlarını məhdudlaşdırır. Bəs, mütəxəssislər çıxış yolunu nədə görür? Attestat almadan ali məktəbə necə qəbul olunmaq olar? 

Təhsil eksperti Elçin Əfəndiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, orta ümumtəhsil məktəblərini yarımçıq qoyan şagirdlər müvafiq olaraq hər ilin dekabr ayında eksternat qaydada imtahan verirlər: 
 


"Onlar imtahandan müsbət nəticə əldə edirlərsə, müsabiqə şərtlərini ödəyirlərsə, o zaman növbəti ilin aprel ayında keçiriləcək buraxılış imtahanı formatındakı imtahanda iştirak edə bilərlər. Bu zaman isə müvafiq müsabiqə şərtlərini ödədiyi halda attestatı əldə edirlər. Qeyd olunan katiqoriyaya daxil olan şagirləri biz hər il müşahidə edirik. Bəzi səbəblərdən dolayı onlar təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Dövlət isə belə olanda şərait yaradır ki, onlar eksternat qaydada imtahan versinlər və həmin imtahan əsasında da dövlətin verdiyi attestatı ala bilsinlər. Dövlət tərəfindən onlara bu imkan tanınır. Sadəcə qalır ki, şagirdlərin özləri bunu istəsinlər. Demək olar ki, biz hər il bu istiqamətdə 200-300 müraciət görürük. Onların da böyük əksəriyyəti ya valideynlərinin təhriki əsasında təhsillərini yarımçıq qoyub, ya da erkən nikaha cəlb olunublar. Bəziləri isə müəyyən psixoloyi vəziyyətlə bağlı təhsildən yayınıblar".

Təhsil ekseprti Kamran Əsədov da Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu problemin həlli alternativ təhsil yollarından - eksternat təhsildən keçir:

"Müəyyən güzəştlərin tətbiqi və xüsusi qanunvericilik addımları faydalı ola bilər. Eksternat yolu ilə təhsil müəyyən səbəblərdən məktəbə davam edə bilməyən şagirdlər üçün nəzərdə tutulan bir sistemdir. Bu yolla təhsil alan şagirdlər məktəbə davamlı olaraq getmədən, müstəqil şəkildə hazırlıq keçərək təhsil proqramını tamamlayırlar. Eksternat təhsili, xüsusilə məktəbdən uzaqlaşan, lakin müəyyən bilik və bacarıqlara yiyələnmiş şagirdlərin attestat alma şansını qoruyub saxlayır. Məsələn, Azərbaycan təhsil sistemində eksternat təhsili rəsmi olaraq mümkündür, lakin onun praktiki tətbiqi və effektivliyi məhdudlaşdırıcı şərtlərə görə çətin ola bilər". 
 


Kamran Əsədovun sözlərinə görə, eksternat təhsilinin müsbət tərəflərindən biri bu təhsil növünün şagirdlərə evdə və ya digər alternativ mühitlərdə təhsil alma imkanı yaratmasıdır:

"Bu, xüsusilə psixoloji və şəxsi çətinliklər yaşayan şagirdlər üçün daha uyğundur, çünki onların məktəb mühitindən uzaqlaşaraq öz tempində hazırlıq keçməsinə şərait yaradır. Eksternat imtahanlarını uğurla tamamlayan şagirdlər tam hüquqlu attestat ala bilər və beləliklə, ali təhsil müəssisələrinə qəbul üçün lazım olan ilkin şərtləri yerinə yetirmiş olurlar. Lakin eksternat sisteminin mənfi tərəfləri də var. Birincisi, eksternat imtahanları rəsmi tədris proqramına uyğun olaraq keçirilir, lakin məktəbdə olmadığı müddətdə şagirdin bu proqramı müstəqil şəkildə öyrənməsi çətinlik yarada bilər. İkincisi, eksternat təhsil sistemi şagirdin ətraf mühitdən, sosial inkişafdan və həmyaşıdları ilə təmasdan uzaq qalması ilə nəticələnə bilər. Bu da psixoloji və emosional problemlər yaşayan gənclər üçün yeni çətinliklər yarada bilər".

Ekspert hesab edir ki, eksternat təhsil sistemindən əlavə olaraq qanunvericilikdə həmin şagirdlərə güzəştlərin verilməsi də mümkündür: 

"Bunun üçün xüsusi qaydalar hazırlanaraq, məsələn, müəyyən yaşa çatmayan, lakin sosial çətinliklərlə üzləşən şagirdlərə sadələşdirilmiş təhsil proqramı və ya adaptasiya olunmuş imtahan tələbləri tətbiq edilə bilər. Belə bir addım təhsildən kənar düşmüş gənclərin dövlət imtahanlarından keçərək ali təhsil alma şansını artıracaq. Statistikaya nəzər salsaq, Azərbaycan təhsil sistemində hər il minlərlə şagird məktəbi tamamlamadan təhsildən uzaqlaşır. Bu şagirdlərin əhəmiyyətli bir qismi ailə problemləri və ya psixoloji çətinliklər səbəbindən məktəbi yarımçıq qoyur. Belə şagirdlər üçün eksternat və güzəştli proqramlar yaradılaraq onların təhsilə inteqrasiya olunması təmin edilməlidir. Digər ölkələrin təcrübəsində, xüsusən də Skandinaviya ölkələrində belə güzəştlər tətbiq olunur və müsbət nəticələr əldə edilir". 

Kamran Əsədovun fikirincə, bu istiqamətdə həm təhsil qanunvericiliyində, həm də tədris metodikasında dəyişikliklər edilərsə, şəraitlərindən asılı olmayaraq bütün şagirdlərin ali təhsil almaq hüququ qorunmuş olar və bu, uzunmüddətli perspektivdə gənclərin sosial və akademik inkişafına böyük töhfə verər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->