"Yeni ilin ilk günlərində Ermənistanın təxribatlara əl atması 2025-ci il boyu onların sakit oturmayacaqlarının işarəsi sayıla bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanın yanvarın 5-6-da Laçın istiqamətində atəşkəsi yenidən pozmasını şərh edərkən deyib.
Əlimusa İbrahimovun fikrincə, Nikol Paşinyan hakimiyyətinin "sülh müsajları" əslində onların planlarını gizlətmək cəhdləridir:
"Bu onu göstərir ki, 2024-cü il boyu Ermənistan tərəfində sülh müqaviləsi istiqamətində verilən bəyanatların heç bir əhəmiyyəti yoxdur. Sülh müqaviləsinin imzalanması ilə əlaqədar səsləndirilən fikirlər yalnız Nikol Paşinyan hakimiyyətinin əsl planlarını gizlətmək üçün bir vasitədir. Məlum olduğu kimi, erməni tərəfi bir qayda olaraq atəşkəsi pozmadığını sübut etməyə çalışır. Amma onun gətirdiyi sübutlar və verdiyi bəyanatların əsil məqsədini yaxşı bilirik".
Həmsöhbətimiz qeyd edib ki, burada maraqlı olan məqam Avropadan olan müşahidə missiyasının Ermənistanın təxribatlarına göz yumması və reaksiya verməməsidir:
"Əgər bizim tərəfdən belə hadisə baş versəydi onlar yenə də susardılarmı? Təbii ki, yox”.
Politoloq deyib ki, Azərbaycan tərəfi yeni ilin ilk günlərində baş verən təxribatlardan nəticə çıxaracaq:
"Amma hadisələrin sonda müharibə ilə nəticələnəcəyini qabaqcadan söyləmək çətindir. İstənilən halda Azərbaycan bu tipli təxribatların qarşısını almaqda qərarlıdır. Lap müharibəyə qədər gedəsi olsaq belə. Amma buna qədər də İrəvanı sakitləşdirmək, pozucu əməllərindən əl çəkməsi üçün təsir vasitələrimiz var. Hələlik onlardan istifadə olunacaq”.
Qeyd edək ki, yanvarın 5 və 6-sında Laçın istiqamətində Azərbaycanın mövqeləri yenidən atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Rüfət Sultan
Şərhlər