Xəbər lenti

Dünya 17:58 27.09.2024

"Asiya NATO-su"nun tərəfdarı Yaponiyanın yeni baş naziri olacaq

Keçmiş müdafiə naziri Şiqeru İşiba Yaponiyanın hakim partiyasında seçkilərdə qalib gəlib və oktyabrda yeni baş nazir olacaq. Xarici siyasətdə o, Rusiya, Çin və Şimali Koreyadan artan təhdidlər fonunda ölkənin təhlükəsizliyini gücləndirmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

İşiba partiyadaxili seçkilərin nəticələri elan edildikdən sonra, "Yaponiyanı hər kəsin yenidən gülümsəyərək yaşaya biləcəyi təhlükəsiz və yaxşı qorunan ölkəyə çevirmək üçün lazım olan hər şeyi edəcəyəm" deyib. 

İşiba yapon seçiciləri arasında populyardır, lakin o, partiya daxilində o qədər də nüfuza malik deyil. "Financial Times” qeyd edir ki, 67 yaşlı siyasətçi beşinci dəfə liderlik uğrunda mübarizə aparıb.

"Yaponiyanı müdafiə edəcəm. İndi bu məqsədə çatmaq üçün illər ərzində topladığım təcrübədən istifadə etmək vaxtıdır”, - İşiba seçki kampaniyası zamanı bildirib. 

İşibanın sələfləri baş nazir kimi ABŞ-la hərbi ittifaqı gücləndiriblər, lakin o, Yaponiyanın daha müstəqil rol oynamasını istəyir. Yaponiyadakı Amerika bazalarında 55 minə yaxın hərbçi var və İşiba onları birgə yapon-amerikan bölmələrinə çevirməyi təklif edir. O, Yaponiyanın Amerika bazalarına və hərbi texnikasına girişinə qoyulan məhdudiyyətlərə qarşıdır və hətta mövcud müqavilələrdə nəzərdə tutulduğu kimi ABŞ-dan müdafiə almaqla kifayətlənməyərək onu müdafiə etməyə hazırdır.

"The Wall Street Journal” yazır ki, avqust ayında nəşr olunan kitabda İşiba hərbi alyansın üzvlərini daha bərabərhüquqlu etmək üçün ABŞ-da, məsələn, Sakit okeandakı Quam adasında daimi olaraq Yapon qoşunlarını yerləşdirməyi təklif edir. "Prezident Trampla qolf oynamağa və ya "Trump Tower”ə getməyə ehtiyac yoxdur. Onlara bildirmək vacibdir ki, Yaponiya qüdrətli dövlətdir və istəyimizə nail olmaq  istəyiriksə, kartlarımızı əlimizdə saxlamalıyıq”, - İşiba 2018-ci ildə qəzetə verdiyi müsahibədə deyib. 

İşiba həmçinin alyansın bərabərhüquqlu üzvlərinin potensial təcavüzkarlara qarşı çəkindirmə siyasətini gücləndirə biləcəyi NATO-nun Asiya versiyasının yaradılmasının tərəfdarıdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->