"Türkiyə-Ermənistan danışıqlarının aparılması Azərbaycanın gözlənilən sülh müqaviləsi razılaşmasına müsbət mənada yaxın olunduğunu göstərir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində Türkiyə və Ermənistan nümayəndələrinin görüşünü şərh edərkən deyib:
"Ankaranın beynəlxalq aləmdə artan nüfuzu fonunda Ermənistanın da Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyi təbiidir. Bu məsələdə Türkiyənin də marağının olduğu mütləqdir. Paşinyanın konstitusiya dəyişikliyi planlarının da əsas hissəsi bununla bağlıdır. Qondarma "soyqırım” iddialarının ideoloji olaraq əsassızlandılması planları da buna xidmət edir. Nəqliyyat-kommunikasiya yollarının açılması da hər iki tərəf üçün prioritet məsələdir”.
Ekspert xatırladır ki, Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsindən asılı olan Türkiyə-Ermənistan münasibətləri Bakının xeyir-duasından asılıdır:
"Türkiyə də bunu yaxşı bilir. Paşinyanın son açıqlamaları fonunda Türkiyə-Ermənistan danışıqlarının aparılması Azərbaycanın gözlənilən sülh müqaviləsi razılaşmasına müsbət mənada yaxın olunduğunu göstərir. Hesab edirəm ki, bu görüş yaxın gələcəkdə bütün üçtərəfli əlaqələrin bərpasına hazırlıq xarakteri daşıyır. Türkiyə də bu istiqamətdə işləyir”.
Qeyd edək ki, Türkiyə və Ermənistanın nümayəndələri Vyanada iki ölkə arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Görüş ATƏT-in Parlament Assambleyasının 20-ci Qış Sessiyası çərçivəsində baş tutub. Tərəflərin görüşündə regional nəqliyyat-kommunikasiyalarının açılması məsələsi də nəzərdən keçirilib.
Rüfət Sultan
Şərhlər