Xəbər lenti

Almaniyanın XİN başçısı seksual zorakılığa məruz qaldığını iddia edir
Dünya 17:45 20.02.2025

Almaniyanın XİN başçısı seksual zorakılığa məruz qaldığını iddia edir

Almaniyanın xarici işlər naziri Annalena Berbok model və podkast aparıcısı Stefani Giesingerin "G-Spot" podkastında siyasətə necə gəldiyi, uşaqlıq arzuları və həyatında yaşadığı çətin anlar barədə danışıb. 

Qaynarinfo xəbər verir ki, söhbət zamanı o, gəncliyində yaşadığı bir seksual zorakılıq hadisəsini də xatırladıb.

Siyasətə təsadüfi giriş

44 yaşlı Baerbok artıq üç ildən çoxdur ki, Almaniyanın xarici işlər naziridir. Lakin o, uşaqlıqda tamam başqa bir peşə arzuladığını deyib.

Siyasətə, xüsusən də Yaşıllar Partiyasına təsadüfən qoşulduğunu bildirən Berbok həmişə dünyada ədalət uğrunda mübarizə aparmaq istədiyini vurğulayıb.

Podkast zamanı Giesinger ona uşaqlıqda öz evini "hippi evi" kimi təsvir etməsi barədə xatırlatma edib. Berbok isə zarafatla "bu sözlərə görə hələ də valideynlərimdən danlaq eşidirəm" deyib. O, valideynlərinin hər hansı bir siyasi partiyada aktiv olmadığını, lakin onu erkən yaşlarından etiraz aksiyalarına apardıqlarını qeyd edib.

Gənclik illərində müharibə jurnalisti olmaq istədiyini deyən Berbok 1990-cı illərin əvvəllərində İraq müharibəsi ilə bağlı xəbərləri izlədiyini və bu mövzuya böyük maraq göstərdiyini bildirib. Hətta ibtidai sinifdə oxuyarkən müharibəyə görə karnaval şənliyinin keçirilməməli olduğunu düşündüyünü söyləyib: "Digər uşaqların hamısı yəqin ki, mənim tamamilə ağlımı itirdiyimi fikirləşirdi."

Jurnalistikadan siyasətə

Berbok gənclik illərində idmanla da məşğul olduğunu, batut gimnastikası və futbol oynadığını bildirib. Daha sonra Hamburqa köçərək jurnalistika oxumaq istəsə də, qəbul üçün kifayət qədər yüksək qiymətləri olmadığından siyasi elmlər və ictimai hüquq üzrə təhsil almağa qərar verib. O, jurnalist kimi işləməyə davam etsə də, siyasətin içində də tanınmasının vacib olduğunu düşünərək bu sahəyə maraq göstərib.

Berbok Avropa Şurasında və Avropa Parlamentində təcrübə keçdiyini və bunun onun üçün çox maraqlı təcrübə olduğunu vurğulayıb. 2004-cü ildə Avropa Parlamenti seçkiləri ərəfəsində Yaşıllar Partiyasından bir deputatın onu seçki kampaniyasına dəvət etməsi ilə siyasətə ilk addımını atdığını bildirib: "Beləcə bu sahəyə bir növ təsadüfən daxil oldum. Lakin siyasətin həqiqətən də dünyanı dəyişdirə biləcəyini başa düşdüm."

Gəncliyində yaşadığı seksual zorakılıq hadisəsi

Podkastda Berbok gənclik illərində qadın hüquqları mövzusuna xüsusi maraq göstərdiyini qeyd edib. MeToo hərəkatı başlayanda isə öz həyatını təhlil edərək belə hallarla neçə dəfə üzləşdiyini düşündüyünü bildirib.

Bu məqamda o, məktəb illərində başına gələn bir hadisəni xatırlayıb. Berbok avtobusda olarkən yaşlı bir kişinin əlini onun ayağına qoyduğunu deyib: "Bunu əslində tamamilə unutmuşdum, amma indi hələ də gözümün önündə canlanır. Beş dayanacaq boyunca cəsarət edib yerimi dəyişə bilmədim."

Nazir bu cür halların hələ də davam etdiyini vurğulayaraq, siyasi fəaliyyətində qadın hüquqlarına daha çox yer ayırdığını bildirib: "Siyasətə məhz bu səbəbdən qoşulmadım, amma bəzi şeylər 30 ildir dəyişməyib. Mən isə bu problemləri açıq şəkildə dilə gətirməyi seçdim."

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->