Xəbər lenti

Aİ yaxın günlərdə dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar verəcək – The Times
Dünya 10:43 09.12.2025

Aİ yaxın günlərdə dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar verəcək – The Times

Böyük Britaniyanın baş naziri Kir Starmer hesab edir ki, Avropada dondurulmuş rus aktivlərinin açılması və Ukraynaya 100 milyard funt sterlinqə (təxminən 140 milyard dollar) qədər yardımın ayrılması haqqında razılaşma cəmi bir neçə gün ərzində əldə olunacaq, çünki müharibənin dayandırılması ilə bağlı danışıqlar "kritik mərhələyə” daxil olub.

Qaynarinfo "The Times”a istinadla yazır ki, bazar ertəsi Starmer Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Fransa və Almaniya liderləri ilə ABŞ-ın son sülh təkliflərini müzakirə etmək üçün danışıqlar aparıb.

Tərəflər həmçinin Avropa banklarında dondurulmuş vəsaitlərin açılması səylərini müzakirə ediblər — bu vəsait ya Ukraynanın davam edən hərbi əməliyyatlarının maliyyələşdirilməsi, ya da sülh sazişi imzalanacağı halda ölkənin bərpası üçün istifadə edilə bilər. "Bundan sonra hökumətdə yüksək vəzifəli mənbələr yaxın günlərdə — bu və ya gələn həftə — razılaşmanın elan olunacağına dair nikbinlik ifadə ediblər”, deyə nəşr bildirir.
"The Times” qeyd edir ki, bu maliyyə Avropanın və Ukraynanın Moskva üzərindəki əsas təsir rıçaqlarından biri kimi nəzərdən keçirilir. Bu, Ukraynanın hərbi əməliyyatlarını daha iki il davam etdirə bilməsi üçün sabit maliyyə mənbəyi təmin edəcək.

Bu vəsait həmçinin Avropanın sülh danışıqlarında azsaylı üstünlüklərindən biri kimi qiymətləndirilir — bu üstünlük ABŞ-ın Ukraynaya hər hansı sazişi faktiki olaraq diktə etməsinin qarşısını almağa imkan verir.

Belçika — Avropadakı rus aktivlərinin böyük hissəsinin cəmləşdiyi ölkə — hələlik sazişə razılıq verməyib. Bununla belə, Britaniya hökumətinin sözçüsü bildirib: "Ümid edirik ki, razılaşma təxminən gələn həftə əldə olunacaq”.

Dauninq-strit nümayəndəsi görüşdən sonra deyib ki, dörd lider "dondurulmuş Rusiya suveren aktivlərindən Ukraynanın bərpasını dəstəkləmək üçün istifadə edilməsində əldə olunan müsbət irəliləyişi müzakirə edib”.

"Euroclear” depozitarisinin icraçı direktoru Valeri Urban hesab edir ki, bu Rusiya aktivlərindən Ukraynaya reparasiya krediti kimi deyil, sülhün əldə olunması üçün təsir vasitəsi kimi istifadə olunmalıdır.

Bundan əvvəl KİV yazmışdı ki, Fransa Avropa İttifaqında Belçikanın "Euroclear”dan sonra ikinci ən böyük dondurulmuş Rusiya aktivləri paketinə nəzarət edir. Paris isə artıq iki ildən çoxdur ki, bu aktivlərin konkret olaraq hansı banklarda saxlanıldığını açıqlamır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->