1939-cu ilin yayının sonunda SSRİ və Almaniyanın xarici işlər nazirləri Vyaçeslav Molotov və İoaxim fon Ribbentrop Şərqi Avropanı iki ölkə arasında bölən və Hitlerin cəmi bir neçə gün sonra Polşaya hücum etməsinə imkan verən məşum "hücum etməmək paktını” imzaladılar. İndi isə ABŞ və Rusiya tərəfindən təklif olunan Ukrayna müharibəsini bitirmə planı böyük hərbi dövlətlərin yenə də qitəni öz maraqları üçün bölmək barədə sövdələşdiyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg”in şərhçisi Mark Çempion
yazır.
"Bu artıq çoxdan aydın olmalı idi. Ən azı fevraldan bəri deyirdim ki, Tramp administrasiyası Ukrayna üçün sülh sazişi əldə etməkdənsə, ABŞ–Rusiya münasibətlərini Kiyev və onun Avropa müttəfiqlərinin hesabına yenidən qurmağa daha çox maraqlıdır. ABŞ–Rusiya planının 28 maddəlik versiyasının dərc olunması bunu artıq görməzlikdən gəlməyə imkan vermir”, – deyə müəllif qeyd edir.
Çempionun sözlərinə görə, Avropa liderləri nəhayət başa düşdükləri anda ki, Ukrayna məsələsində tək qalıblar, sual yaranır: Avropa İttifaqı Rusiya, Çin və nominal müttəfiqi ABŞ-la rəqabət aparmağa qadir geosiyasi oyunçuya çevrilə bilərmi? Şərhçi hesab edir ki, bu sualın səmimi cavabı – "xeyr”dir.
"Bunun üçün Aİ-nin ciddi güc nümayiş etdirməsi lazım olardı, bu isə sadəcə blokun "‘DNT”sinə daxil deyil. Avropa layihəsi iki dağıdıcı müharibədən və ondan əvvəlki əsrlər boyu davam edən qarşıdurmalardan sonra üzvlərinin bir daha bir-biri ilə vuruşmaması üçün yaradılıb. Aİ bu işi o qədər yaxşı yerinə yetirdi ki, 2012-ci ildə Nobel Sülh Mükafatı aldı. Amma məsələ xarici təhlükələrdən müdafiəyə gələndə, müasir Aİ-yə gedən yol təhlükəsizlik sahəsində uğursuz birgə layihələrlə döşənib – 1954-cü ilin Qərbi Avropa İttifaqından başlayaraq daha əvvələ qədər. Bu missiya tezliklə NATO-ya, yəni ABŞ-a verildi və bu, bu günə qədər belə qalıb”, – müəllif izah edir.
Münhenin Lüdviq Maksimilian Universitetininmüasir tarix kafedrasının müdiri Kiran Klaus Patel qeyd edir ki, Aİ-dən sərt güc nümayiş etdirməsini tələb etmək "peşəkar futbolçuya birdən-birə reqbi oynayacağını deməyə bənzəyir”.
Çempionun fikrincə, Aİ-nin "geopolitik reqbi”yə hazır olmaması üçün açıq institusional həll yoxdur. Lakin Avropanın başqa yolu da yoxdur: parçalanmaq istəmirsə, toqquşmaya getməlidir.
"Əsas fikir – Avropanı (Aİ-ni deyil) diplomatiyanın və sərt gücün aparıcı qüvvəsinə çevirməkdir. Sərt xarici siyasət Aİ çərçivəsindən kənarda həyata keçirilməlidir – mümkün olduğu halda NATO daxilində, mümkün deyilsə, xüsusi yaradılmış koalisiyalar vasitəsilə”, – şərhçi yazır.
Müəllif hesab edir ki, bu proses müəyyən mənada artıq başlayıb. Böyük Britaniya Aİ və NATO-ya daxil olmayan 10 şimal ölkəsinin daxil olduğu Birgə Ekspedisiya Qüvvələrinə rəhbərlik edir, digər qrup isə Şimal–Baltik səkkizliyidir. Həmçinin, Böyük Britaniya və Fransa Ukraynada sülhməramlı missiya üçün könüllülər koalisiyası yaradıb.
"Bu xaotikdir, amma bunun pis olduğuna əmin deyiləm”, – deyə Helsinki mərkəzli Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Niklas Helviq vurğulayır.
Çempion əlavə edir ki, bu, Avropanın effektiv hərəkət edə biləcəyi yeganə yol ola bilər, çünki regionun geosiyasi baxımdan vacib aktorlarının çoxu – Norveç, Böyük Britaniya və Türkiyə – Aİ-yə daxil deyil.
"Tez-tez deyildiyi kimi, Avropa bir neçə onillik utopik fasilədən sonra yenidən tarixə qayıdır və onun birinci vəzifəsi yenidən silahlanmaqdır. Lakin Avropa həmişə yalnız ümumi və fövqəladə xarici təhdidlər zamanı birləşib – buna bariz nümunələr Soyuq Müharibədə Sovet İttifaqı və 17-ci əsrin sonunda Osmanlı imperiyasıdır”, – müəllif xatırladır.
Çempion yekunlaşdırır:
"Eyni anda həm daxildə sülhü qorumaq, həm də xaricdə güc nümayiş etdirmək – Avropa liderlərinin 1939-cu ildə SSRİ–Almaniya arasında bağlanan taleyüklü "sülh” sazişinə reaksiyadan bəri qarşılaşdığı ən ciddi çağırış ola bilər”.
"New York Post” yazırdı ki, Ukraynaya yardım Avropaya Rusiyaya güzəştə getməkdən iki dəfə ucuz başa gələcək: Ukraynanı 4 il maliyyələşdirməyin dəyəri 606–972 milyard dollar, Moskvanın istədiyinə nail olacağı halda isə Avropanın şərq cinahını gücləndirmək 1,4–1,8 trilyon dollara başa gələcək.
"Bloomberg” həmçinin yazırdı ki, Avropa ABŞ-sız Rusiyanın mümkün hücumuna cavab verməyə hazırlaşır – silah sənayesinə investisiyalar artırılır, hərbi təlimlər isə artıq amerikalıların iştirakı olmadan keçirilir.
Alpər
Şərhlər