Xəbər lenti

ABŞ və Çin arasında ''sülhə'' baxmayaraq, neft ucuzlaşır
Dünya 13:11 13.05.2025

ABŞ və Çin arasında ''sülhə'' baxmayaraq, neft ucuzlaşır

13 may çərşənbə axşamı neft qiymətləri iki həftənin maksimum səviyyəsinə yüksəldikdən sonra yenidən enib. Buna səbəb ABŞ və Çin arasında ticarət müharibəsində yaranan fasiləyə rəğmən, qlobal bazarda neft təchizatının artacağı ilə bağlı narahatlıqların davam etməsidir.

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, Brent markalı neftin fyuçersləri 22 sent və ya 0,3% azalaraq bir barel üçün 64,74 dollar, West Texas Intermediate (WTI) markalı Amerika nefti isə 18 sent və ya 0,3% ucuzlaşaraq 61,77 dollar olub.

ING bankının analitikləri bildiriblər:

"Çin və ABŞ arasında ticarət gərginliyinin yumşalması müsbət olsa da, qarşıdakı 90 gündə nə baş verəcəyi ilə bağlı böyük qeyri-müəyyənlik qalır. Bu qeyri-müəyyənlik neftə tələbatı mənfi təsirlə üzləşdirə bilər".

ABŞ ilə Çin arasında ticarət balansının pozulması və prezident Donald Trampın Pekindən ABŞ-da fentanil böhranı ilə mübarizədə daha qətiyyətli addımlar atmağı tələb etməsi kimi əsas mübahisə səbəbləri isə hələ də qalır. Eyni zamanda, bazarlar təchizat artımını da neft qiymətlərinə təzyiq edən əsas amil kimi qiymətləndirirlər.
"Neft bazarında əsas problem tələbat olsa da, OPEC+ ölkələrinin təklifi artırması o deməkdir ki, il sonuna qədər bazar kifayət qədər təmin olunacaq. Lakin bu təminatın səviyyəsi OPEC+ ölkələrinin may və iyun aylarında hasilatı nə dərəcədə aqressiv şəkildə artıracağından asılı olacaq", - ING əlavə edib.

5 may tarixində OPEC+-ın hasilatı sürətlə artırmaq planlarına görə neftin qiyməti bir bareldə 2 dollardan çox azalmışdı.

7 mayda isə ABŞ və Çin arasında danışıqların anons olunması və ABŞ-da hasilatın azala biləcəyi ehtimalları səbəbilə qiymətlər yenidən artmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->