11:22
BƏƏ sursat ehtiyatlarının tükənməsi iddiasını təkzib edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan həyata keçirilən hücumların qarşısını almaq üçün istifadə edilən hava hücumundan müdafiə sistemlərində sursatın tükəndiyi barədə iddiaları əsassız adlandıraraq rədd edib.
BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ-nin "Bloomberg” kanalının ölkənin müdafiə qabiliyyəti ilə bağlı "yanlış və çaşdırıcı” iddialar səsləndirdiyi bildirilib.
Açıqlamada məsuliyyətli jurnalistikanın əhəmiyyətinə diqqət çəkilərək məlumatların rəsmi mənbələrdən təsdiqlənməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, BƏƏ hava təhdidlərinə yüksək effektivliklə cavab verə bilən müxtəlif, inteqrə olunmuş və çoxqatlı hava hücumundan müdafiə sistemlərinə malikdir. Bildirilib ki, ölkənin hava məkanı uzun, orta və qısa mənzilli sistemlərlə hərtərəfli qorunur.
11:16
İsrail Livanda quru əməliyyatına başlayıb
İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başladığını açıqlayıb. Bildirilib ki, hərbi bölmələr "strateji nöqtələrə” yerləşdirilib.
10:59
Tehranda ard-arda partlayışlar
İsrail ordusunun yeni hücum əməliyyatına başladığını elan etməsindən sonra İranın paytaxtı Tehranda ardıcıl partlayışların baş verdiyi bildirilib.
10:52
ABŞ-dən Orta Şərqdə bir çox ölkə üçün təcili təxliyə xəbərdarlığı
ABŞ administrasiyası İsrail də daxil olmaqla Orta Şərqdəki bir çox ölkə üzrə vətəndaşlarına təcili təxliyə çağırışı edib. İsrail mətbuatına açıqlama verən amerikalı rəsmi yaxın günlərdə İran istiqamətində ABŞ hücumlarının artmasının gözlənildiyini bildirib və gərginliyin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın Ər-Riyadda yerləşən ABŞ səfirliyinə edilən hücum və Küveytdə 6 hərbçinin həyatını itirməsi səbəbindən İrana qarşı cavab tədbirləri görəcəyinə dair vəd verdiyi bildirilib.
ABŞ Dövlət Departamentinin Konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar "X" platformasında paylaşım edərək ciddi təhlükəsizlik risklərinə diqqət çəkib. O, ABŞ vətəndaşlarının mövcud nəqliyyat imkanlarından istifadə edərək dərhal bölgəni tərk etmələrinin vacibliyini vurğulayıb.
Təxliyə çağırışı edilən ölkələr
ABŞ-nin təxliyə xəbərdarlığı etdiyi ölkələr arasında İsrail, Qərb Sahili və Qəzza, Livan, Suriya, İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İran və Misir yer alıb.
10:47
ABŞ Küveytdəki səfirliyini bağladı
ABŞ-nin Küveytdəki səfirliyinin "regional gərginliklər səbəbindən" ikinci bir elanadək müvəqqəti olaraq bağlandığı bildirilib.
ABŞ-nin Küveyt səfirliyindən verilən açıqlamada qeyd olunub: "Davam edən regional gərginliklər səbəbindən Küveytdəki ABŞ səfirliyi ikinci bir bildirişədək bağlı olacaq. Bütün adi və təcili konsulluq görüşlərini ləğv etmişik."
10:36
Hizbullah Colan təpələrində İsrail bazasına hücum edib
Livanın "Hizbullah" hərəkatı İsrailin işğal altında saxladığı Colan təpələrində yerləşən Nafah bazasını raketlərlə hədəfə aldığını açıqlayıb.
"Hizbullah"ın "Telegram" kanalında yayımlanan yazılı bəyanatda Livana yönəlmiş hücumlara cavab olaraq İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumların təşkil edildiyi bildirilib.
Açıqlamada İsraildə yerləşən Miron bazasının da yerli vaxtla saat 06:30-da kamikadze pilotsuz uçuş aparatları ilə vurulduğu qeyd olunub.
10:26
Uitkoffdan nüvə bombası iddiası
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"a açıqlamasında İranın 460 kiloqram 60 faiz zənginləşdirilmiş urana sahib olduğunu və bunun 11 nüvə bombası istehsalı üçün kifayət etdiyini iddia edib.
10:21
"Hizbullah"a bağlı radio binası vurulub
İsrail ordusunun Beyruta endirdiyi hava zərbəsi nəticəsində "Hizbullah"a bağlı "Nur" radiosunun binasının hədəf alındığı bildirilib.
10:02
ABŞ-ın Ər-Riyad səfirliyi bağlanıb
Ər-Riyaddakı ABŞ səfirliyi İranın PUA hücumu səbəbindən bağlanıb. ABŞ vətəndaşlarına təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunub.
09:58
Erakçidən Rubiyoya cavab
İranın xarici işlər naziri Abbas Erakçi ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarına cavab olaraq bildirib ki, İran heç vaxt ABŞ üçün təhdid olmayıb və Vaşinqton İsrail naminə müharibəyə qoşulub.
09:57
Tramp Konqresi məlumatlandırıb
Donald Tramp İranla bağlı əməliyyatlar barədə Konqresə "müharibə səlahiyyətləri" çərçivəsində bildiriş göndərib. O, zərurət yaranacağı təqdirdə əlavə addımların atıla biləcəyini bildirib.
09:55
Bəhreyndəki ABŞ qərargahı hədəf alınıb
İranın "IRNA" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun "Sadiq Vəd 4" əməliyyatının 14-cü dalğası çərçivəsində Bəhreynin Şeyx İsa bölgəsindəki ABŞ hava bazasının əsas komanda binasının 20 PUA və 3 raketlə vurulduğunu açıqlayıb.
09:50
Bəhreyndə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma
Bəhreynin Sitra adasında İran tərəfdarı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Bəzi şəxslər saxlanılıb. Rəsmi açıqlamada ictimai təhlükəsizliyi təhdid edən şəxslərin müəyyən edilərək həbs olunduğu bildirilib.
09:47
Qətər görüntülərin paylaşılmasını qadağan edib
Qətər hava hücumları və onların qarşısının alınması zamanı baş verən hadisələrlə bağlı görüntülərin yayılmaması barədə xəbərdarlıq edib. Qadağanın pozulacağı təqdirdə hüquqi məsuliyyət yaranacağı bildirilib.
09:36
İsrail Tehran və Beyruta yeni hücumlara başlayıb
İsrail Beyrut və Tehrandakı hərbi hədəflərə qarşı yeni hücumlara başladığını elan edib. Hücumlarda xüsusilə hava hücumundan müdafiə sistemlərinin hədəf alındığı bildirilib.
09:32
Ər-Riyaddakı ABŞ səfirliyi vuruldu
Ər-Riyaddakı ABŞ səfirliyinin İranın PUA hücumu nəticəsində vurulduğu bildirilib. Hücum nəticəsində binada kiçik həcmli ziyan yaranıb.
08:57
Bəhreyndəki ABŞ bazasına hücum
İran ABŞ-ın Bəhreyndə yerləşən hərbi bazasına genişmiqyaslı PUA və raket hücumu həyata keçirdiyini açıqlayıb.
08:42
İrandan qonşu ölkələrə mesaj
İranın BMT-dəki daimi nümayəndəsi Səid İravani Nyu-Yorkda jurnalistlərə açıqlamasında İranın cavab zərbələrində yalnız ABŞ obyektlərini hədəf aldığını bildirib.
Onun sözlərinə görə, İran qonşu ölkələrin maraqlarına hücum etmir və ABŞ bazaları ev sahibi ölkələrin nəzarətindən kənardadır. İravani İranın müharibə və gərginlik istəmədiyini, lakin suverenliyini müdafiə edəcəyini vurğulayıb.
08:36
İsrail Livana hücumla bağlı xəbərdarlıq edib
İsrail ordusu Livanın cənubunda yerləşən 59 kənd və qəsəbəyə hücum edilə biləcəyi barədə xəbərdarlıq edərək, sakinləri evlərini tərk etməyə çağırıb.
08:23
İran Körfəzə hücumlarını davam etdirir
ABŞ və İsrailin İran hökumətinə qarşı birgə hücumundan sonra Yaxın Şərqdə gərginlik artıb. Körfəz ölkələrində, xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərdə cavab zərbələri endirilib. Şəhər mərkəzləri, enerji obyektləri, hava limanları və hotellər hədəf alınıb.
Küveyt 178 ballistik raket və 384 PUA-nın məhv edildiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri 182 raketdən 169-nun qarşısının alındığını, 645 PUA-nın vurulduğunu açıqlayıb.
Bəhreyn 70 raket və 76 PUA-nın zərərsizləşdirildiyini, Qətər 104 raketdən 101-nin və 39 PUA-dan 24-nün qarşısının alındığını bəyan edib. Səudiyyə Ərəbistanı 8 PUA-nın ələ keçirildiyini bildirib. Omanda isə Dukm limanı və bir neft tankeri PUA hücumuna məruz qalıb.
08:16
Ərbildə gərginlik artıb
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bazasının yerləşdiyi Ərbil hava limanına PUA hücumundan sonra hava hücumundan müdafiə sistemləri işə düşüb. Ard-arda buraxılan 3 PUA zərərsizləşdirilib.
Yerli mediada Ərbildə bir otelə PUA ilə hücum edildiyi bildirilib. Hücumun nəticələri ilə bağlı məlumat verilməyib. Şiə milis qüvvəsi "Həşdi Şəbi"yə bağlı "Seraya Evliya əd-Dəm" qrupu ABŞ hərbçilərinin qaldığı iddia olunan otelə hücum təşkil etdiyini açıqlayıb.
08:01
İsrail Beyruta hücumda hədəf alacağı məkanı açıqladı
İsrail ordusunun sözçüsü Aviçay Adrai "X" hesabında Dahiye bölgəsinin Hureyk məhəlləsində qırmızı ilə işarələnmiş bir binanın yer aldığı xəritə paylaşıb. Onun sözlərinə görə, "Hizbullah"a məxsus olduğu iddia edilən həmin binaya güclü zərbə endiriləcək.
Adrai bölgə sakinlərini binadan ən azı 300 metr uzaqlaşmağa çağırıb.
07:47
Trampdan İrana cavab təhdidi: Çox yaxında öyrənəcəksiniz
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyinə pilotsuz uçuş aparatı ilə edilən hücumdan sonra "News Nation" saytına açıqlama verib.
Tramp səfirliyə hücum və ABŞ hərbçilərinin ölümü ilə nəticələnən digər hücumlara görə İrana cavab veriləcəyini bildirib. Cavabın mahiyyəti barədə isə "Çox yaxında öyrənəcəksiniz" ifadəsini işlədib.
O, İrana qarşı quru əməliyyatına ehtiyac olmadığını düşündüyünü vurğulayaraq, "Onlara böyük zərər veririk" deyib. Tramp İranın nüvə və raket potensialına ciddi zərbə vurulduğunu və əməliyyatın planlaşdırılandan daha sürətlə getdiyini qeyd edib.
07:30
Səudiyyə Ərəbistanında 8 PUA zərərsizləşdirildi
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, general-mayor Turki əl-Maliki paytaxt Ər-Riyad və Əl-Xarc şəhərləri yaxınlığında 8 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
07:16
Qətər 2 İran təyyarəsini vurdu
Qətər Müdafiə Nazirliyi İrana məxsus 2 ədəd "Su-24" tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. Nazirlik həmçinin hava hücumundan müdafiə sistemlərinin 7 ballistik raketi uğurla məhv etdiyini, 5 pilotsuz uçuş aparatının isə zərərsizləşdirildiyini bildirib.
Məlumata görə, təhlükə müəyyən edildikdən dərhal sonra əməliyyat planı çərçivəsində tədbirlər görülüb və bütün raketlər hədəfə çatmadan əvvəl məhv edilib. Qeyd olunub ki, Qətər Silahlı Qüvvələri dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də istənilən xarici təhdidə qətiyyətlə cavab vermək üçün hazır vəziyyətdədir.
Şərhlər