Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ABŞ-dan raket tədarükü davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak FREEДOM telekanalının efirində açıqlama verib.
"Tədarüklər davam edir... Onların dayanması çox qəribə görünərdi. Bu, xüsusilə "Patriot” sistemləri üçün raketlərin verilməsinin dayandırılması şəklində baş versəydi, qeyri-insani addım olardı. Bu sistemlər açıq şəkildə Ukraynadakı mülki əhalini geniş miqyasda qoruyur”, – deyə Podolyak bildirib.
Onun sözlərinə görə, son üç ay ərzində Rusiya, təəssüf ki, Yaxın Şərqdəki hadisələrdən istifadə edərək, Ukraynanın iri şəhərlərinə raket və dron zərbələrini artırıb və məqsədi mümkün qədər çox mülki vətəndaşı öldürməkdir. Belə kombinə olunmuş hücumlara yalnız effektiv HHM və RƏM (rəqibə qarşı raket əleyhinə müdafiə) sistemi ilə qarşı durmaq mümkündür.
"Əgər bu sistem bütün Ukrayna ərazisini əhatə edirsə, bu, əslində ‘bağlı səma’ modelidir. Bunun üçün kifayət qədər qurğu və bu qurğular üçün fərqli formatlarda raketlər lazımdır. Əks halda, Rusiya sadəcə olaraq mülki əhalini kütləvi şəkildə qətlə yetirəcək. Mən, yumşaq desək, reputasiya baxımından ABŞ-ın bu tədarükdən imtina edəcəyinə inanmıram”, – deyə Podolyak vurğulayıb.
O əlavə edib ki, bəzi arqumentlər – guya anbarlarda raket ehtiyatlarının auditinin aparılması – səsləndirilir.
"Biz anlayırıq ki, bu, Rusiya təbliğatının strategiyasıdır. Onlar göstərmək istəyirlər ki, guya Ukraynadan əsas müttəfiqlər üz çevirir, ölkədə silah qıtlığı başlayır və nəticədə Rusiyanın mülki əhalini daha çox öldürmək üçün əli açılır. Və bu yolla bizi təslim olmağa vadar etməyə çalışırlar. Amma reallıq bir qədər fərqlidir”, – deyə o bildirib.
Podolyakın sözlərinə görə, ABŞ-la ağır danışıqlar gedir və bu proses davam edəcək.
"Texnika tədarükü davam edir və ümid edirəm ki, həmçinin kommersiya əsaslı şəkildə də davam edəcək. Çünki biz ABŞ-dan əldə edilə biləcək silah çeşidini genişləndirmək istəyirik”, – deyə müşavir bildirib.
O əlavə edib ki, ABŞ unikal silah arsenalına sahibdir və onun anbarlarında yetərincə ehtiyat var. "Orada İsrailin və Ukraynanın səmasını bağlamaq üçün kifayət qədər raket var. Bunu anlamaq üçün audit aparmağa ehtiyac yoxdur”, – deyə Podolyak qeyd edib.
Qeyd edək ki, ABŞ-ın bir sıra əsas silah tədarükünü dayandırması ilə bağlı mediada yayılan məlumatlardan sonra Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynadakı işlər üzrə müvəqqəti işlər vəkili Con Hinkelə izahat üçün çağırış edib.
XİN bəyan edib ki, ABŞ-dan həyati əhəmiyyətli silahların tədarükündəki gecikmə Rusiyanı Ukraynaya qarşı daha da genişmiqyaslı terrora təşviq edir.
Alpər
Şərhlər