Ədliyyə Nazirliyi xaricə üzərlik aparan şəxslərə xəbərdarlıq edib.
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, son zamanlar el arasında üzərlik kimi tanınan Peganum harmala bitkisini xaricə aparanların bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.
Qeyd edilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr - xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.
"Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir”, - açıqlamada bildirilir.
Qeyd edilir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Bu tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını almaq üçün maarifləndirmə aparmaqdır.
Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.
Xatırladaq ki, bir neçə ay öncə əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşı üzərində üzərlik aşkarlandığı üçün Rusiya ərazisində həbs olunub.
Şərhlər