Xəbər lenti

Vüqar Nadirov: “O boyda Qurban Qurbanov dedi ki, Azərbaycan futbolu uçuruma gedir…”
İdman 10:56 16.06.2022

Vüqar Nadirov: “O boyda Qurban Qurbanov dedi ki, Azərbaycan futbolu uçuruma gedir…”

Vüqar Nadirov Azərbaycan futbolunda özünəməxsus oyun tərzi ilə seçilən futbolçulardan idi. Ancaq kareyerasını bitirdikdən sonra məşqçiliyə həvəs göstərməyən Vüqar AFFA tərəfindən Milli Futbol Liqasına direktor təyin olundu. Ötən gün 35 yaşını tamamlayan millimizin və "Qarabağ”ın sabiq futbolçusu Azərbaycan futbolunda baş verən son olaylarla bağlı fikirlərini bölüşüb.

Qaynarinfo-ya müsahibə verən Nadirov suallarımızı cavablandırmazdan öncə unudulduğunu dilə gətirib, narazılığını bildirib. Bununla yanaşı, həm karyerası həm də ölkə futbolunda baş verənlərlə bağlı düşünələrini bölüşüb:

"Çox sağ olun ki, zəng vurmusunuz. Əksəriyyət tanınmış futbolçuları yaddan çıxarır. Avropaya baxsınlar, görsünlər ki, bu gün Ronaldo, Kaka kimi keçmiş futbolçular unudulmur. Məsələn, bu gün Kaka çıxıb kubok verir. "Real” onları unutmur. Bu hər kəsə şamil deyil. Biz də istəyirik ki, üzdə olaq. Biz yaxşı futbolçu olmuşuq. Azərbaycan futbolu üçün əlimizdən gələni etmişik. Amma tez unuduluruq”.

- Karyeranızı bitirdikdən sonra nə üçün məşqçi kimi çalışmağa meyilli olmadınız?

- Məşqçi kimi işləyə bilərəm. Lap "B”, "A” PRO kateqoriyalarını da alaram. Ancaq onları evdə saxlayım toz bassın? İş olmayandan sonra kateqoriyanı neynirsən? Hamı bilir ki, futbolun içindəyəm. 15 yaşımdan futbol oynayıram. Mehman Yunusovdan, Vidadi Rzayevdən, Yunis Hüseynovdan tutmuş bütün futbolçuları, Karlos Alberto Torresdən bəri məşqçiləri görmüşəm. 16 yaşımdan Premyer Liqada oynayırdım. Bu günümüzə min şükür. Əsas odur ki, yaddan çıxmayaq. Hamımız futbola xidmət edirik. Adamı iyrəndirəndə bu idmandan uzaqlaşırsan. Oturub bu haqda saatlarla danışmaq olar.

- Ümumiyyətlə, məşqçi kimi işləməyə həvəsiniz var?

- İşləmək deyəndə, kateqoriyanı versinlər. C kateqoriyası var. "B”nin də müddətini uzadıblar. Başa düşürəm, həvəsli olanlar var. Amma kateqoriya versinlər, işləməsəm, günahı öz boynuma. Fikrimcə, Avropa ölkələrində də belədir.

- Digər kateqoriyaları almaq üçün müraciət etmişdiniz?

- Əlbəttə, çalışmışam. "C”ni birbaşa veriblər. Buna baxmayaraq, kurslarda iştirak edirdim. Saymamazlıq, təkəbbürlük etmirdim.

- Klublarda məşqçi kimi çalışmaq təklif olunmayıb?

- Xeyr, sonuncu dəfə Elxan Məmmədovun MFL-ində idim. Amma sonradan maliyyə donduruldu. Biz də istəyirdik ki, minifutbol üzrə çempionat təşkil edək, milli komanda formalaşdıraq və Avropa çempionatına göndərək. Biz edə bilmədik, amma sağ olsun "Azfar” bunu həyata keçirdi. Maliyyə lazımdır, yoxsa heç nə edə bilməzsən.

- AFFA niyə maliyyə ayırmadı?

- Dedilər, sponsor yoxdur, hər şey AFFA-ya yüklənib, vəziyyət çətindir. Mən də heç nə demədim.

- Futbolumuzun bugünkü durumu haqda hansı fikirdəsiniz?

- Vaxt olanda çempionatımızı izləyirəm. Bir də millinin Belarusla matçına baxdım. Oyunda onların da qol vəziyyətləri vardı. Boş qapıya qol vursaydılar, oyun hansı hesabla nəticələnəcəkdi, bilmirik. Qazaxıstan 9 bal toplayıb. Halbuki biz Slovakiyanın favorit olacağını gözləyirdik. Birlik olmalıdır. Biz oyunlarda himni elə oxuyurduq ki, rəqib istər-istəməz hara gəldiyini bilsin. 

- Yığmanın bugünkü durumu haqda nə düşünürsünüz?

- Baş məşqçi Maksimi verib irəli. Belə şey harda görünüb? Futbolun dili birdir. Özü olmasa da, onun köməkçisi Arif Əsədov var. Hər şeyə özün cavab verməlisən. Bunu başa düşmürəm. Maskim yaxşı futbolçudur, qardaşımızdır. Amma hər şeyə cavabdeh baş məşqçidir.

- Çıxış yolu nədir?

- Futbolçu qıtlığı var. O boyda Qurban Qurbanov dedi ki, Azərbaycan futbolu uçuruma gedir. 

- Bu tsikldə yığmamızdan nəsə gözləyirdiniz?

- Ən azı Qazaxıstanla başabaş oynaya bilərdik. Belrusun futbolçuları meydançada yeriyirdi. Slovakiyanı da məğlub etmək olardı. Çətinə düşdük, Slovakiya da əldən heç nəyi vermək istəməyəcək. Bu komadalar formadadır. Xalları itirib, özümüzü əziyyətə saldıq.

- Baş məşqçinin dəyişilməsi və komandada hansısa yeniliklər fayda verər?

- Əlimizdə olanlar budur. Başqa nə yenilik edə bilərik? Kənarda qalan yoxdur. Bilmirəm, baş məşqçi çempionata baxır, ya yox. Kimin əsas heyətdə oynadığını və ya ehtiyatda oturduğunu görürmü? Görünür ki, hər şey tərsinədir. Mahiri ehtiyada oturdur. Bu adam legionerdirsə, istər-istəməz digərlərindən güclüdür. Ona görə də oynamalıdır. Fikir verdinizsə, Mahir meydana əsəbi şəkildə və həvəssiz çıxmışdı. O cümlədən Qara Qarayev. Bütün oyunlarda meydanda 90 dəqiqə olur. Niyə oynatmırsan? Səbəb nədir? Hansısa prinsipin, problemin varsa, bu sənin şəxsi işindir. Hər halda meydana çıxıb yeriməyəcək, canını qoyacaq.

- Karyeranızla bağlı planlarınız necədir, hazırda nə işlə məşğulsunuz?

- Hazırda şəxsi biznesimlə məşğulam. Futboldan kənar sahədir. Amma futboldan uzaqlaşmamışam. İndi Nahid adlı futbolçu hazırlayıram. Onun üzərində çalışıram, stadionda, fitnessdə məşqlərindən sonra lövhədə teoremləri öyrədirəm. 16 yaşı var, sentyabrda İngiltərəyə yola salmaq istəyirik, getsin, akademiyada təhsilini davam etdirsin. "Neftçi” İK-da oynayıb. Texnikası, hər şeyi var. İngiltərədə oynaması üçün fiziki hazırlığı üzərində çalışırıq. Yaxın dostumun övladıdır. 

- Premyer Liqamızda irəliləyiş görürsən?

- Xeyr, 8 komanda ilə inkişafdan söhbət gedə bilməz. Bu gün "Turan Tovuz”la "Kəpəz” də Premyer Liqaya gəlir. Amma büdcələri azdır. Büdcələri çox olmalıdır ki, çempionata rəng qatsınlar. Gəncədə iki-üç oyun uduzsan, azarkeşlər "istefa” qışqıracaq.

- Uşaq futbolunda çalışmaq fikriniz yoxdur?

- Həvəsim var, amma şans versinlər. Heç kim işimə qarışmasın, dediklərimi etsin. Mən də qolumu çırmalayım. Lazım olsa, stadionda yataram.

- Azərbaycanda veteran futbolçulara münasibət necədir?

- Şükür Allaha, futbolda ad qoymuşam, hər yerdə hörmətim var. Heç kimin xətrinə dəyməmişəm, pislik etməmişəm. Kiçikdən böyüyə kimi hamıya hörmətlə yanaşmışam. Niyə qiymərləndirmirlər, bilmirəm. Klublardan soruşmaq lazımdır.

- Sabiq klubunuz "Qarabağ”ın bu mövsüm avrokuboklardakı şanslarını necə dəyərləndirirsiniz?

- Polşa klublarına qarşı oynamışıq. Şəxsən mən səfərdə qol da vurmuşam. "Qarabağ” mən qol vurduğum komandalarla tez-tez rəqib olur. Özü də qolları səfərdə vururdum. Mənə "səfər qolçusu” deyirdilər. "Lex”in oyununa baxmamışam. İlk mərhələdir, məğlub olan tərəf mübarizədən kənarlaşacaq. Ona görə də hər iki komanda ehtiyatlı oynayacaq. Yəqin ki, komanda yığılacaq, yeni transferlər olacaq, səfərə hazırlığa gedəcəklər. "Qarabağ”ın növbəi mərhələdəki potensial rəqibi "Sürix” də yaxşı komandadır. 

- Ümumiyyətlə, digər klublarımızın avrokubklardakı şansları haqda nə düşünürsünüz?

- Camaat təlim-məşq toplanışına gedir, "Neftçi”nin hələ baş məşqçinin kim olacağı bilinmir. Məşqçi gələcək, komandada kimləri saxlayacaq və ya göndərəcək, bilinmir. Hər kəs öz sistemi ilə gəlir. Özünün məşqçiləri, futbolçuları olur. Komandanı, demək olar, sıfırdan yığacaq. Bu gün Azərbaycanda Tərlan Əhmədov, Yunis Hüseynov kimi yerli məşqçilər işsiz qalıb. Yerlilərə niyə güvənmirik, bilmirəm. İmkan verin, işləsinlər. Deyirsiniz, niyə məşqçi kimi işləmirsən? Baxın, bu məşqçilərin PRO kateqoriyaları var, amma evdə oturublar. Nə etsinlər? Yerli məşqçilərə heç kim vaxt vermir, 2 turdan sonra deyirlər ki, get. Xarici məşqçilərə bunu edə bilərlər? Çünki hüquqşünasla, rəsmi şəkildə işləyirlər. Haqqını tələb etməlisən. Danışanda da olursan pis adam. 

- "Zirə”dən də gözləntilər çoxdur…

- Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Konfrans Liqasında əsl güclərini görəcəyik. Hər şey bilinəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->