Xəbər lenti

Vergi sistemində yenilik: Kimlərə maliyyə sanksiyası tətbiq edilməyəcək?
Ekonomiks 09:21 12.01.2026

Vergi sistemində yenilik: Kimlərə maliyyə sanksiyası tətbiq edilməyəcək?

"Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda "üfüqi monitorinq"in tətbiqinə start verildi. Yeni monitorinq vergi risklərini müvafiq orqana əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq".

Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib.



Deputat qeyd edib ki, praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimallaşdıracaq:

"Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb.

Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə - 25% maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur".

V.Bayramov bildirib ki, vergi orqanı "üfüqi monitorinq"in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək:

"Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək "üfüqi monitorinq" iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı "azalan qalıq" və ya "düz xətt" metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur.

Avtomatlaşdırılmış uçot aparan və daxili nəzarət sistemini tətbiq edən orta və iri sahibkarlar "üfüqi monitorinq"ə qoşula bilərlər. Bu, həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur".
--> -->