Mişiqan Universitetinin alimləri uzunmüddətli və xoşbəxt evliliyin əsas sirrini müəyyən ediblər: qarşılıqlı və davamlı dəstək.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Elder Policy" (JEP) jurnalında dərc olunub.
Araşdırma iştirakçıları evliliklərini sakit, istilik və etibar dolu münasibət kimi təsvir ediblər. Onlar həyat yoldaşlarını əsas güc mənbəyi kimi göstəriblər. Ən vacib amillərdən biri, çətin anlarda – məsələn, xəstəlik və ya maliyyə problemləri zamanı – bir-birilərinə yardım göstərmələri olub.
Maraqlıdır ki, kişilər qadınlara nisbətən daha çox dəstək aldıqlarını bildiriblər. Bu nəticə əvvəlki müşahidələrlə üst-üstə düşür: kişilər adətən evlilikdən daha çox faydalanırlar. Qadınlar isə ara-sıra tənqid və ya narazılıq kimi mənfi qarşılıqlı münasibətləri qeyd ediblər. Bununla belə, uzunömürlü evliliklərdə münaqişələrin nadir hallarda baş verdiyi aşkarlanıb.
Tədqiqatçılar onu da müəyyən ediblər ki, ailədə təhsil səviyyəsi və gəlir nə qədər yüksəkdirsə, qarşılıqlı dəstək də bir o qədər güclü olur. Evliliyin müddəti artdıqca, neqativ münasibətlər də azalır. Maraqlı məqamlardan biri də odur ki, bu dəstəyin səviyyəsi tərəflərin birinci və ya təkrar nikahda olmalarından asılı deyil. Bu isə təkrar nikahların "zəifliyi” barədə əvvəlki təsəvvürlərlə ziddiyyət təşkil edir.
Müəlliflər vurğulayıblar ki, onların işi ailə münasibətlərinə daha tam və müsbət prizmadan baxmağa imkan verir. Halbuki bu mövzu daha çox problemlər baxımından tədqiq olunub.
Aydın
Şərhlər