Xəbər lenti

Türkiyə siyasətində yeni fenomen - Sinan Oğan “açar fiqur” ola biləcəkmi?
Dünya 19:10 19.05.2023

Türkiyə siyasətində yeni fenomen - Sinan Oğan “açar fiqur” ola biləcəkmi?

"Sinan Oğan gələcəyə oynamağa çalışır. Bu mənada "Sinan Oğan amili”nə ciddi element kimi baxmaq lazımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Züfəroğlu Türkiyədə keçiriləcək Prezident seçkilərinin ikinci turu ərəfəsində 14 may seçkisində üçüncü yeri tutan "Sinan Oğan amili”nin oynayacağı rolu şərh edərkən deyib. 

Həmsöhbətimiz düşünür ki, Oğan sərgilədiyi fəaliyyətlə ölkənin gələcək həyatında kifayət qədər aktiv rol alacaq siyasətçi kimi ortaya çıxıb:
 
"Türkiyədə keçirilən son seçkilərdə birmənalı şəkildə demək olar ki, seçkinin müqəddəratına ciddi şəkildə təsir edən tərəf milliyyətçi kəsim oldu. Baxmayaraq ki, onlar bölünmüş vəziyyətdə idilər. Amma ona rəğmən milliyyətçi kəsimin kifayət qədər ciddi səs artımı əldə etdiklərinin şahidi olduq. Bu mənada, Sinan Oğanın 5,2 faiz, təxminin 3 milyona yaxın seçici, səs yığmasının özü də böyük göstəricidir. Oğan gənc olmasına rəğmən, nəinki Türkiyə, eləcə də türk dünyası miqyasında kifayət qədər tanınmış liderdir. O çıxışları və sərgilədiyi mövqeyilə hər zaman hörmət qazanıb. Ona verilən səslər əslində Sinan Oğanın Türkiyənin gələcəyində kifayət qədər aktiv rol ala biləcək siyasətçi kimi ortaya çıxdığının bariz göstəricisidir. Oğanın bu qədər səs toplamasında Mühərrəm İncənin nazmizədliyini geri götürməsi faktının da rolu var. Amma bununla belə, Oğanın topladığı 5,2 faiz səslərin 80 faizə qədəri məhz bu şəxsdə gələcəyini görən və hər iki tərəfdən müxtəlif səpkidə narazı qalan sekulyar milliyyətçilərin səsidir. Onlar Oğana millətçiləri birləşdirən füqur kimi baxırlar. Bu da Sinan bəyin açıqladığı proqram və verdiyi mesajlardan irəli gəlir”. 

Ekspert qeyd edir ki, Oğan gələcəyə oynamağa çalışır:"Oğanlın ikinci turda kimi dəstəkləməsinə gəldikdə, ilkin mərhələdə onun açıqladığı şərtlərə diqqət yetirməliyik. Bu şərtləri təhlil etdikdə onun seçiminin Millət İttifaqı tərəfinə olacağı bir qədər şübhəlidir. HDP-nin Millət İttifaqına dəstəyi fonunda düşünmürəm ki, kifayət qədər Cümhuriyyətçi, Atatürkçü, milliyyətçi və müsbət imicə malik Oğan onlara açıq dəstək versin. Onun Cümhur İttifaqına dəstək verəcəyini də açıq şəkildə bəyan edə bilmərik. Çünki burada başlıca məqam Oğanın gələcəyə oynaya bilməsidir. Mümkündür ki, o özünü növbəti mərhələyə hazırlayır. Onun indiki məqamda tərəflərdən hər hansı birini seçməsi bu və ya digər dərəcədə gələcəkdə özü ilə bağlı atacağı addımlarda müəyyən dərəcədə mənfi təsir göstərə bilər. Bu səbəbdən Sina Oğan hələlik seçim etməyə tələsmir. Maksimum dərəcədə hər iki tərəfə mesajlar ötürür. Amma iki tərəfdən birinə doğru meyllənəcəyini də ifadə etmir”. 

V. Zifəroğlu bildirib ki, Oğan namizədlərdən heç birini dəstəkləməsə, onun səslərinin 60-65 faizinin Ərdoğana, 20-25 faizinin isə Kılıcdaroğluna getməsi ehtimal olunur:
 
"CHP-dən olan deputat Atilla Sertel Oğanın Millət İttifaqı namizədinə dəstək məsələsinə toxunarkən, Kılıcdaroğlunun ona bakanlıq vəzifəsi təklif edəcəyini istisna etməyib. Deyib ki, Kılıcdaroğlunun planında Suriyadan olan qaçqınların ölkələrinə qayıtmalarına yardım üçün Miqrasiya Nazirliyi yaratmaq planı var. Həmin postu da Oğana vermək niyyətindədir. Amma 2 milyondan çox suriyalı qaçqını birdən-birə qaytarmaq mümkün deyil. Kılıcdaroğlu da bilir ki, bu məsələ kifayət qədər zaman alacaq. Buna baxmayaraq, proqramında Miqrasiya Nazirliyi yaradıb, ona rəhbərliyi Sinan bəyə verməklə Kılıcdaroğlu özünü əslində sığortalayır. Yəni, Kılıcdaroğlu "İlanı Seyid Əhməd əlilə tutmaq” istəyir”. 

Qeyd edək ki, Türkiyədə Prezident seçkiləri ikinci tura qalıb. İkinci turda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanla Millət İttifaqının namizədi Kamal Kılıcdaroğlu mübarizə aparacaqlar. Bu fonda ikinci tur ərəfəsi hansı namizədə dəstək verəcəyilə bağlı olaraq 14 may seçkisində üçüncü yeri tutan Sinan Oğan fenomeninin əhəmiyyəti artır. Ona görə də hazırda ikinci tura keçən tərəflərdən hər biri onu öz tərəfinə çəkməyə çalışır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->