Xəbər lenti

Trampın
Dünya 13:42 14.10.2025

Trampın "Ərdoğan jesti"nin arxasında nə dayanır? (ŞƏRH)

"Hesab edirəm ki, bu sahədə bütövlükdə Türkiyə və Ərdoğanın özünün müəyyən təcrübəsi var"
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə toxunarkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu problemin həllinə kömək edə biləcəyinə olan inamını şərh edərkən deyib. 

"Ukrayna müharibəsinin ilk dövrlərində də Ərdoğan Kiyevlə Moskva rəsmilərini bir araya gətirməyə çalışdı. Bu mənada ABŞ prezidentinin Ərdoğanla bağlı dediklərini yeni təşəbbüs kimi qiymətlədnirmək düzgün deyil. Habelə, taxıl sazişi sahəsində də Ərdoğanın böyük rolu oldu. Nəticədə Ukrayna öz taxılını dünyaya çıxara bildi", deyə ekspert bildirib. 

Həmsöhbətimiz hesab edir ki, hər iki tərəfi qane edə biləcək müəyyən təkliflərin hazırlanması isə indiki dövrdə çətindir:

"İlk növbədə Ərdoğan atəşkəslə bağlı razılıq əldə olunmasına nail ola bilər. Ardınca Rusiyanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması, Ukraynanın da müəyyən öhdəliklər götürməsi sahəsində Ərdoğan kömək əlini uzada bilər. Məsələn, Kiyevin NATO-ya üzvlük məsələsinin dayandırılmasında. Habelə Kremlin bəhanələrini kəsmək üçün rus millətindən olan Ukrayna vətəndaşlarına əlavə sosial-iqtisadi, mədəni güzəştlərin verilməsini təklif edə bilər".



Ekspert deyib ki, Tramp "Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər" deməklə əslində Türkiyə prezidentinin üzərinə böyük öhdəliklər qoyur.  Qulamhüseyn Əlibəyli düşünür ki, Trampın Ukraynada sülh məsələsində vasitəçi qismində Ərdoğanı irəli çəkməsində özünün Rusiya lideri Vladimir Putini danışıqlar masası arxasına çəkə bilməməsi amili rol oynayıb:

"Trampın iştahı böyük idi. Hesab edirdi ki, həm Ukrayna sərvətlərini, həm də Rusiyanın Arktika sərvətlərini istismar etməlidir. Əvəzində Kiyev ərazisinin bir hissəsini Rusiyaya bağışlamalıdır. Bu təkliflərlə isə nə Kiyev, nə də Rusiya razılaşdı. Tramp bu fonda indi Ərdoğanı irəli çəkməklə əldə oluna biləcək nəticələri öz aktivinə yaza bilər. O, həmin vasitəçilyin də, uğurla nəticələnəcəyi təqdirdə, bunun məhz özünün təşəbbüsü ilə baş verdiyi versiyasını formalaşdıracaq. Yaxud da Trampın sözügedən təklifi, təşəbbüs baş tutmayanda günahı başqasının üstünə atmaq məqsədi də daşıya bilər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləyərək, onun Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə biləcəyinə əminlik ifadə edib: "Ərdoğan kömək edə bilər. Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında  danışa bilmərəm. Rusiya prezidenti Vladimir Putin də ona hörmət edir və o, mənim dostumdur".

Xatırladaq ki, Ukrayna müharibəsinin ilk dövründə Türkiyə münaqişəni dayandırmaq üçün m üəyəyn səylər göstərdi. Rusiya Ukrayna nümayəndələri  bir neçə dəfə Ankarada görüşdülər və onun əsasında müəyyən razılaşma da  əldə olundu. Xüsusən də, Ərdoğanın tərəflər arasında taxıl sazişinin əldə olunmasında xidmətləri daha böyükdür. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->