Xəbər lenti

Eşitmə məhdudiyyətli taksi sürücüləri sərnişinlərin həyatı üçün təhlükəlidirmi?
Ölkə 12:12 17.12.2025

Eşitmə məhdudiyyətli taksi sürücüləri sərnişinlərin həyatı üçün təhlükəlidirmi?

"Artıq mobil tətbiq sistemləri var. Bunun sayəsində həmin şəxslərin fəaliyyət göstərməsində hər hansı bir problem olmamalıdır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Qaynarinfo-nun "eşitmə məhdudiyyəti olan sürücülər taksi fəaliyyəti ilə məşğul ola bilərmi” sualını cavablandırarkən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

"Onlar da bizim vətəndaşlardır və işləməlidirlər. Konkret fakta gəldikdə isə deyə bilərəm ki, sərnişin-sürücü münasibətlərində müəyyən problem olub. Müvafiq orqanlar məsələni araşdıracaq”, - ekspert əlavə edib.
 


Eldəniz Cəfərov hesab edir ki, aqresiv sürücülər taksi fəaliyyətində işləməməlidirlər:

"Özünü apara bilməyən sürücülərə taksi fəaliyyətində yer yoxdur. Taksi kvotası 2026-cı ildən işə düşür. Taksi kvotasının tətbiq olunmasının əsas məqsədlərindən biri də belə səhlənkar, məsuliyyətsiz, aqresiv sürücülərin bu xidmətdən kənarlaşdırılmasıdır. Ümid edirəm ki, belə sürücülərlə bağlı ölçü götürüləcək və onlar taksi xidmətində işləməyə qəbul olunmayacaq”.

Qeyd edək ki, Bakıda jurnalist "Uber” şirkətlər qrupunun sürücüsünün hücumuna məruz qalıb. Jurnalist Nigar Orucova səhər işə gəlmək üçün taksi çağırıb.

Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunub. Jurnalist xanım svtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərib.
 
Sürücü oxuya bilmədiyini işarə verib. Bundan sonra jurnalist heç bir ödəniş etmədən maşından düşüb. Sürücü bundan sonra maşından düşüb ona hücum etmək istəsə də, ətrafdakı adamlar ona imkan verməyib. 

Sürücü jurnalistin olay yerində şəkilini çəkib. Bunu görən jurnalist xanım da şikayət etmək üçün onun şəkilini çəkib. Bu zaman sürücü avtomobili yüksək sürətlə onun üzərinə sürüb. Jurnalist deyir ki, əgər yanında insanlar olmasaydı, sürücü ona xəsarət yetirəcəkdi. Onların köməkliyi nəticəsində salamatdır.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->