Leonardo DiKaprio bir daha kamera arxasında çalışmağa maraq göstərmədiyini bildirərək, "heç vaxt rejissor olmaq istəmədiyini” əsaslandırıb.
Qaynarinfo-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda keçirilən "TIME” jurnalının "İldə bir dəfə TIME” adlı tədbirində çıxış edən DiKaprio rejissorluqla bağlı tez-tez suallar aldığını vurğulayıb:
"Heç vaxt rejissor olmaq istəmirəm” cavabını verirəm. Martin Skorsezenin etdiklərinə yaxın bir iş görə bilmərəmsə, niyə belə bir işə baş qoşum ki?”
Məşhur aktyor daha əvvəl, 2016-cı ildə "Variety” nəşrinə verdiyi müsahibədə də Skorseze və "Dirilmə” ("The Revenant”) filminin rejissoru Aleksandro Qonsales İnyarritu ilə işlədikdən sonra özünü "bəlkə də heç vaxt rejissorluq edə bilməyəcək qədər lənətlənmiş” hesab etdiyini söyləmişdi.
TIME tərəfindən "2025-ci ilin əyləncə siması” seçilən DiKaprio tədbirdə Skorseze ilə birlikdə səhnəyə çıxaraq təxminən 25 dəqiqəlik fikir mübadiləsi aparıb.
"Yeganə bir peşmanlığım var”
51 yaşlı DiKaprio uzunmüddətli əməkdaşlıqlarla bağlı yeganə peşmanlığının Skorsezenin rejissorluq prosesini daha yaxından müşahidə etməyə kifayət qədər vaxt ayırmamaq olduğunu qeyd edib.
"Bir aktyor olaraq işimə o qədər fokuslandım ki,” – deyə DiKaprio əlavə edib: "Qərarlar qəbul edir, obrazları canlandırır və onların ruhuna mümkün qədər dərindən enməyə çalışırsınız. Amma kaş ki kamera arxasında onun nə etdiyini daha çox izləyə biləydim”.
Hazırda Skorseze və DiKaprio yeddinci ortaq layihələri üzərində işləyirlər. Piter Kameronun 2020-ci ildə nəşr edilən "What Happens at Night” adlı mistik qorxu romanı əsasında ekranlaşdırılacaq filmdə DiKaprio Cennifer Lourenslə tərəf müqabili olacaq. Aktyor çəkilişlərin fevral ayında başlanacağını təsdiqləyib.
Romanın süjeti: Amerika cütlüyü övladlığa uşaq götürmək üçün qarlı və sirli Avropa şəhərinə yollanır. Qadın xərçənglə mübarizə apardığı üçün getdikcə zəifləyir. Əri isə bu halın yetimxananın onlara uşaq verməsinə mane olacağından narahatdır.
Saat əqrəbi istiqamətində, soldan aşağıdan başlayaraq: "Volstrit canavarı", "Mərhum", "Şatır Aylend", "Aviator" və "Nyu-York dəstələri" filmlərinin çəkiliş meydançalarında Martin Skorseze və Leonardo DiKaprio
Həmin vaxta qədər DiKaprio aktyorluğa fokuslanaraq, obrazlara yanaşmanı dərindən təhlil edir və bu müddətdə 83 yaşlı Skorseze ilə sıx fikir mübadiləsi aparır.
"Birlikdə işləyərkən ən önəmli məqam odur ki, aylarla davam edən müzakirələr apara bilirik,” – deyə DiKaprio bildirib: "Çoxsaylı suallar veririk, şeytanın vəkilini oynayırıq, ən qeyri-adi ehtimalları belə müzakirəyə çıxarırıq. Yeni filmdə də eyni yanaşma var və bu proses mənim üçün dərin öyrənmə təcrübəsinə çevrildi.”
Skorseze və DiKaprio daha əvvəl "Nyu-York bandaları” ("Gangs of New York”), "Səmanın hakimi” ("The Aviator”), "Daxili düşmən” ("The Departed”), "Şübhə adası” ("Shutter Island”), "Pul canavarı” ("The Wolf of Wall Street”) və "Dolunay qətlləri” ("Killers of the Flower Moon”) filmlərində əməkdaşlıq ediblər.
Aydın
Şərhlər