ABŞ-ın prezidenti Donald Tramp Ukraynaya silah tədarükünün davam etdirilməsi imkanlarını şərh edib. Jurnalistin sualına cavab olaraq o, Birləşmiş Ştatların Ukrayna ilə əməkdaşlığını, o cümlədən "Patriot” zenit-raket kompleksləri və sursatların verilməsini davam etdirəcəyini bildirib.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər
verir.
"Onlara ("Patriot” sistemləri) müdafiə üçün ehtiyacları olacaq. Mən insanların qətlə yetirilməsini görmək istəmirəm... Onlara nəsə lazım olacaq, çünki onlara kifayət qədər ciddi zərbələr vurulur... Bəli, biz bu məsələyə baxa bilərik”, – deyə Tramp əlavə edib.
O həmçinin bildirib ki, bu mövzu 4 iyulda Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı müzakirə olunub.
"Biz onlara kömək etmişik və etməyə davam edəcəyik. Vəziyyət kifayət qədər mürəkkəbdir. Görək bundan sonra nə baş verəcək”, – deyə Tramp vurğulayıb.
Tramp əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından son dərəcə narazı qalıb:
"Görünür, o sona qədər getmək və sadəcə insanları qətlə yetirmək istəyir. Bu, məni qane etmir”, – deyə o bildirib.
Pentaqon bir müddət əvvəl Ukraynaya artilleriya mərmiləri və hava hücumundan müdafiə sistemlərinin tədarükünü dayandırdığını elan etmişdi.
Cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa zəng edərək onu tədarüklərin bərpasına və Ukraynaya daha çox silah satılmasına razı salmağa çalışıb. Mənbələrin məlumatına görə, söhbətdən sonra Tramp və Zelenski iki ölkənin ixtisaslaşmış komandalarının ayrıca görüşərək hava hücumundan müdafiə və ümumilikdə silah tədarükü məsələlərini ətraflı müzakirə etməsi barədə razılığa gəliblər.
Reuters-in mənbələrinə görə, bu danışıqdan sonra Tramp Ukraynaya "Patriot” raketlərinin tədarükünü bərpa edə bilər.
Alpər
Şərhlər