"Bu, 8 avqust tarixində Vaşinqtonda paraflanmış sənəddən sonra ortaya çıxan yeni reallıqdır və ABŞ bu fürsəti qaçırmamalıdır. Regionun iqtisadi münasibətlərində mühüm, aparıcı iştirakçılardan biri olmalıdır ki, ABŞ-da buna hazırlaşır. Ona görə düşünürəm ki, ən qısa zamanda "907-ci düzəliş" ləğv edilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Müharibə Nazirliyinin "Stars and Stripes” nəşrinin Konqresi Azərbaycana qarşı olan "907-ci düzəliş"i ləğv etmək və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirmək barədə çağırışını şərh edərkən deyib.
Deputat qeyd edir ki, Pentaqon tərəfindən səslənən bu fikirlər vaxtilə yol verilmiş ədalətsizliyin, haqsızlığın aradan qaldırılmasına hesablanmış addımdır:
"Azərbaycan torpaqlarının işğala məruz qaldığı bir dövrdə ölkəmizə qarşı "Azadlığı Müdafiə Aktına 907-ci düzəliş"in edilməsi tarixi ədalətsizlikdir. Çünki həm Azərbaycan işğala məruz qalır, həm də "Azadlığı Müdafiə Aktı” vasitəsilə region ölkələrinə edilən yardımlardan da məhrum edilir. Bu isə şübhəsiz ki, erməni lobbisinin fəaliyyəti və ermənipərəst mərkəzlərin dəstəyilə ABŞ Konqresində qəbul edilən bir qərar idi. Bu gün həmin mövzuda səsləndirilən fikirlər, xüsusən də ABŞ-ın Müharibə Nazirliyi tərəfindən səsləndirilməsi yol verilmiş ədalətsizliyin, haqsızlığın aradan qaldırılmasına yönəlib".
Hikmət Babaoğlu deyir ki, "907-ci düzəliş”in qalması hazırkı zamanda Cənubi Qafqazda möhkəmlənməyə çalışan ABŞ-a, regionun aparıcı dövləti olan Azərbaycanla münasibətlərin inkişafında əngəl yarada biləcək rol oynaya bilər:
"Sevindirici haldır ki, bu, ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən irəli sürülür. "907-ci düzəliş” tamamilə ləğv olunmalıdır. Onun qalması nəticə etibarı ilə Vaşinqton-Bakı münasibətlərində tormozlayıcı funksiya yerinə yetirə bilər. Azərbaycan və ABŞ strateji tərəfdaşlıq haqqında bəyannamənin teziləri, bəndləri üzərində işləyir. Onun hazırlanması üçün hər iki ölkə xüsusi komissiya ayırıb. Yaxın gələcəkdə, görünür, belə bir sənəd işıq üzü görəcək. Məhz Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində ABŞ-ın Cənubi Qafqazda iştirakının təmin edilməsi üçün tarixi fürsət yaranıb”.
Qeyd edək ki, ABŞ Müharibə Nazirliyinin (Pentaqon) "Stars and Stripes” nəşri Konqresi Azərbaycan əleyhinə olan "907-ci düzəliş”i ləğv etməyə və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb.
Bildirilir ki, "Azadlığı Müdafiə Aktı”na edilən bu bədnam əlavə Bakı ilə İrəvan arasında münaqişə zamanı erməni diasporunun təsiri altında qəbul olunub və keçmişin qalığına çevrilib.
Qeyd edək ki, "907-ci düzəliş” Donald Trampın Ağ Evə növbəti qayıdışı ilə daha bir il müddətinə dondurulub. Ancaq onun tam qüvvədən salınması Konqresdən asılıdır.
Rüfət Sultan
Şərhlər