Xəbər lenti

Dünya 19:50 13.11.2025

"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?

Dünyada indiyədək cəmi 50 nəfərdə "Rh null" adlı son dərəcə nadir qan qrupu müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, bu şəxslərin qan köçürülməsinə ehtiyacı yarandıqda uyğun donoru tapmaq demək olar mümkün olmur. Alimlər bu səbəbdən həmin şəxslərə gələcəkdə istifadə üçün öz qanlarını donduraraq saxlamağı məsləhət görürlər. Bəs "Rh null" qan qrupunun mənşəyi nədir və bu qan laboratoriyada istehsal edilə bilərmi?

"Qızıl qan" adlandırılan "Rh null" qan qrupu hər altı milyon insandan birində rast gəlinir. Alimlər indi bu qan növünü laboratoriya şəraitində yenidən yaradaraq həyatları xilas etməyi ümid edirlər.

Qan köçürülməsi müasir təbabətdə inqilabi dəyişiklik yaradıb. İnsan yaralandıqda və ya əməliyyata ehtiyacı olduqda, başqalarının bağışladığı qan çox vaxt həyat qurtarır. Lakin nadir qan qrupuna malik şəxslər üçün uyğun qan tapmaq böyük çətinlik yaradır. "Rh null" qrupuna sahib insanlar isə bu baxımdan ən çətin vəziyyətdə olanlardandır. Onların qanında təxminən 50 Rh antijenindən heç biri yoxdur, buna görə də yalnız eyni qrupdan qan ala bilirlər. Lakin onların qanı bir çox digər Rh növləri ilə uyğun gəlir və bu səbəbdən "qızıl qan” adlanır.

Mütəxəssislərin fikrincə, "Rh null" qrupundan olan qan, müxtəlif qan tiplərinə sahib insanlara uyğun gəlmə potensialına görə universal donor ola bilər. Xüsusilə xəstənin qan qrupunun bilinmədiyi təcili hallarda, "Rh null" qan allergik reaksiyanın yaranma riskini xeyli azaldır.

Tədqiqatlar göstərir ki, "Rh null" qan qrupu, eritrositlərin səthində yerləşən və Rh antijenlərinin formalaşmasında əsas rol oynayan RHAG adlı züləldə baş verən genetik mutasiyalardan yaranır. Bu mutasiyalar nəticəsində zülalın forması dəyişir və nəticədə digər Rh antijenləri səthdə əmələ gələ bilmir.

Bristol Universitetindən professor Eş Toye və komandası 2018-ci ildə laboratoriyada "Rh null" qanı istehsal etməyə nail olublar. Onlar "Crispr-Cas9" adlı gen redaktə texnologiyasından istifadə edərək, ABO və Rh antijenləri də daxil olmaqla beş əsas qan qrupuna aid genləri deaktiv ediblər. Nəticədə bu şəkildə əldə edilən hüceyrələr bir çox qan növü ilə uyğun olub, hətta "Rh null" və "Bombay" fenotipi kimi çox nadir qruplara da uyğunluq göstərib.

Bununla belə, gen redaktəsi texnologiyaları hələ də bir çox ölkələrdə ciddi şəkildə tənzimlənir və bu cür qanların klinik istifadəyə verilməsi üçün uzunmüddətli sınaqlar tələb olunur.

Professor Toyenin rəhbərlik etdiyi "Scarlet Therapeutics" şirkəti "Rh null" daxil olmaqla nadir qan qruplarından nümunələr toplayaraq laboratoriyada bu hüceyrələrdən çoxsaylı eritrositlər istehsal etməyi planlaşdırır.

2021-ci ildə ABŞ-ın Milvaukee şəhərindəki Versiti Qan Araşdırma İnstitutundan immunoloq Qreqori Denomme və komandası "Crispr-Cas9" texnologiyası ilə insan mənşəli pluripotent kök hüceyrələrdən "Rh null" da daxil olmaqla fərdiləşdirilmiş qan tipləri yaradıblar.

Kanadadakı Laval Universitetindən tədqiqatçılar A pozitiv qan qrupuna malik donorlardan götürülmüş hüceyrələrdə A və Rh antijenlərini silərək O "Rh null" qan hüceyrələri əldə ediblər. İspaniyanın Barselona şəhərindəki alimlər isə "Rh null" donordan alınmış kök hüceyrələri A tipindən O tipinə çevirərək, qanı daha universal hala gətirməyə nail olublar.

Lakin laboratoriyada istehsal olunan qan hələ geniş istifadə üçün hazır deyil. Əsas çətinlik kök hüceyrələrin təbii şəkildə olgun eritrositlərə çevrilməsini təmin etməkdir.

Professor Toyenin rəhbərlik etdiyi RESTORE layihəsi bu istiqamətdə ilk klinik sınaqlardan biridir və laboratoriyada yetişdirilən eritrositlərin sağlam könüllülərdə sınaqdan keçirilməsini nəzərdə tutur.

Alimlərin fikrincə, yaxın gələcəkdə adi qan bağışları hələ də əsas mənbə olacaq. Lakin nadir qan qruplarına malik insanlar üçün laboratoriyada istehsal olunan qan böyük bir inqilab yarada bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->