Xəbər lenti

Tramp ilk dəfə Rusiyanı
Dünya 15:28 16.09.2025

Tramp ilk dəfə Rusiyanı "aqressor" adlandırdı: Bu, nəyi dəyişəcək?

"Trampın nəhayət Rusiyanı aqressor kimi təqdim etməsi yaxınlaşan büdcə ilində Ağ Evin hərbi xərclərə ayrılacaq vəsaitlərə haqq qazandırmaq məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın ilk dəfə olaraq Ukraynada müharibə aparan Rusiyanı aqressor adlandırmasını şərh edərkən deyib. 

"Burada söhbət ondan gedir ki, artıq Tramp da Ukrayna müharibəsini dayandırmağın mümkün olmadığını etiraf etməyə başlayıb", deyə ekspert bildirib. 

Həmsöhbətimizə görə, Trampın Rusiyaya münasibətdə kəskin fikir səsləndirməsi müharibəyə münasibətdə onun fərqli ritorikaya keçdiyinə işarədir. 
 

 
Mehman Əliyev qeyd edir ki, Trampın fərqli ritorikası da qarşıdan gələn büdcə ili və müdafiə və  müharibəyə ayrılması gözlənilən böyük vəsaitlərə haqq qazandırmasına hesablanmış addımdır:

"Ona görə də ilk dəfə haqlı danışaraq Rusiyanı aqressor kimi təqdim edir. Müharibənin dayanmayacağı aydın idi. Sadəcə olaraq, Tramp formal olaraq müharibənin dayandırıması üçün təşəbbüslə çıxış edib. Bu da seçicilərə verdiyi vədlə bağlı idi. İndi isə Tramp savaşı dayandırmağın mümkünsüzlüyünü anlamağa başlayıb. Tramp seçicilərini itirməmək üçün indi də müharibəyə münasibətdə başqa ritorika ilə danışmağa başlayır. Bu günə qədər Rusiyaya sığal çəkən Tramp indi onu aqressor adlandırır. Bu da əslində seçicilərə hesablanmış addımdır. Bu kimi fikirlərlə müharibəni dayandırmağa cəhd etdikləri, lakin bunun alınmadığı və ona görə də savaşı davam etdirməyə məcbur olduqlarını seçicilərə aşılamaq istəyir. Bu isə eyni zamanda o anlama gəlir ki, müharibə üçün ayrılan vəsaitlərin Ukraynaya verilməsi davamlı olacaq, hətta onun artırılmasını da gözləmək lazımdır. ABŞ-da oktyabr-noyabr aylarında gələn il üçün büdcə zərfinə baxılacaq. Yəni büdcə ili gəlir və Ukraynaya dəstək üçün də büdcədən vəsait ayrılmalıdır".
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü ilk dəfə Rusiyanı Ukraynaya qarşı müharibədə aqressor adlandırıb. "Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox, amma sən aqressorsansa, daha çox itirəcəksən”, deyə Tramp jurnalistlərə bildirib. 

Bu günə qədər Tramp Rusiyaya münasibətdə kəskin ifadələr işlətməkdən çəkinir, hətta Putini özünə dost sayırdı. Trampın Rusiyanı aqressor adlandırmasını bir çoxları onun Moskva ilə bağlı mövqeyində dəyişiklik kimi xarakterizə edirlər. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->