Xəbər lenti

Təhlükəli virus qapıda: Artıq Qərbi Azərbaycanda...
Sağlamlıq 22:14 12.07.2025

Təhlükəli virus qapıda: Artıq Qərbi Azərbaycanda...

İranın Səhiyyə Nazirliyi martın 21-dən bu günə qədər ölkədə 259 nəfərin danq qızdırmasına yoluxduğunu açıqlayıb. Yoluxanların 254-ü əsasən Pakistan sərhədində yerləşən Sistan-Bəlucistanın Çabahar rayonunda qeydə alınsa da, artıq virusun daşıyıcısı olan Aedes ağcaqanadı İranın şimal-qərbinə, o cümlədən Qərbi Azərbaycan əyalətinə qədər yayılıb.

Danq - tropik və subtropik zonalarda geniş yayılmış, virus mənşəli infeksiyadır. Ona səbəb olan virus flaviviruslar qrupundandır və əsasən "Aedes aegypti” və "Aedes albopictus” adlı ağcaqanadların sancması ilə insana keçir. Xəstəlik ilk dəfə XIX əsrdə təsvir edilsə də, son onilliklərdə qloballaşma, turizm və iqlim dəyişikliyi səbəbindən daha geniş ərazilərə yayılıb.

Əvvəllər yalnız Asiya, Afrika və Latın Amerikasında rast gəlinən danq artıq Yaxın Şərqdə, hətta Avropanın cənub bölgələrində də qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 390 milyon yoluxma baş verir, onlardan təxminən 100 milyonu klinik əlamətlərlə keçir.

Danq qızdırmasının ilk əlamətləri adətən yoluxmadan 4-10 gün sonra üzə çıxır. Simptomları belədir: Birdən başlayan yüksək (39-40°C) qızdırma, şiddətli baş və göz arxası ağrıları, oynaqların və əzələlərin ağrısı (ona görə bəzi yerlərdə "sümükqıran qızdırması” adlanır), halsızlıq və iştahasızlıq, dəri səpkisi, burun və diş ətindən yüngül qanaxmalar, bəzən isə aşağı qan təzyiqi və şok əlamətlər görünür.  
 
Xəstəlik əksər hallarda 7-10 gün ərzində sağalma ilə nəticələnir. Amma bəzi hallarda (təxminən 1-5% xəstədə) xəstəlik "danq hemorragik qızdırması”na və ya "danq şok sindromu”na çevrilərək ölümcül ola bilər. Ölüm daha çox uşaqlarda və immun sistemi zəif olanlarda müşahidə olunur və vaxtında müdaxilə olunmazsa risk artır.

Danq hazırda 100-dən çox ölkədə mövcuddur. Ən çox hallara Cənub-Şərqi Asiya, Hindistan, Pakistan, Filippin, Braziliya, Kolumbiya və Meksikada rast gəlinir. Son illər Yaxın Şərqdə və Şimali Afrikada, o cümlədən İranda da artım müşahidə olunur. İranın cənub-şərqində və Hörmüzqan, Buşəhr, Mazandaran kimi əyalətlərində daha çox yayılıb. İndi isə Aedes ağcaqanadı İranın şimal-qərbinə də çatıb.

Danq qızdırması yeni deyil, amma onun bu qədər geniş coğrafiyaya yayılması nisbətən yeni fenomendir. Buna səbəb iqlim dəyişikliyi nəticəsində Aedes ağcaqanadlarının daha soyuq bölgələrə də uyğunlaşmasıdır.

Nəzəri olaraq, bəli. İqlim istiləşdikcə və ağcaqanadların coğrafiyası genişləndikcə, Quzey Azərbaycanda da Aedes növü müşahidə edilə bilər. Xüsusən də Kür-Araz ovalığında, Gəncə-Qazax zonasında və Lənkəran-Astara bölgəsində risk nisbətən yüksəkdir. Amma hələlik Azərbaycanda danq virusu ilə bağlı təsdiqlənmiş yoluxma qeydə alınmayıb. Buna baxmayaraq, müvafiq qurumlar nəzarəti gücləndirməli və əhali məlumatlandırılmalıdır.

Hazırda danq virusuna qarşı təsdiqlənmiş spesifik müalicə yoxdur, ancaq simptomatik müalicə (maye, ağrıkəsicilər, bədən temperaturunun salınması) aparılır. Danq qızdırması yeni və qorxulu görünə bilər, amma düzgün tədbirlər və vaxtında diaqnozla ölüm riski minimuma endirilir. Qonşu İranda artıq 259 yoluxma faktı və Qərbi Azərbaycana qədər gəlməsi isə məsələyə ciddi yanaşmağa vadar edir.

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Yeni Müsavat”a açıqlamasında bildirib ki, danq virusuna yoluxma zamanı daxili orqanlarda qanaxmalar baş verir ki, bu da ölümə səbəb ola bilər. Həkimin sözlərinə görə danq qızdırması endemik xəstəlik olduğuna görə Azərbaycanda yayılma ehtimalı çox deyil: "Həmin ağcaqanadların yaşaması və yayılması üçün münbit şərait olmalıdır. Bizim ərazimizdə isə nə belə xəstəlik qeydə alınıb, nə də Aedes ağcaqanadı müşahidə olunub. Çünki ölkəmizdə həmin ağcaqanadların yaşaması üçün uyğun şərait yoxdur. Onlar əsasən isti və rütübətli iqlimin, bataqlıqların olduğu ərazilərdə yayılır.

Dediyimiz kimi, Danq virusu koronovirusdan fərqli olaraq hava-damcı yolu ilə deyil,  yalnız ağcaqanadlar vasitəsi ilə yayılır. Bu baxımdan virusun ölkəmizə qədər yayılacağını güman etmirəm. Adını çəkdiyimiz virus endemikdir, olduğu coğrafi ərazidən kənara yayılmağa meylli deyil".

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov da mövzu ilə bağlı qəzetə danışıb: "Orqanizmin immun sistemi güclü olmalıdır ki, belə xəstəliklər aşkarlandıqda ölüm halları sıfıra endirilsin. Orqanizm güclü olanda viruslar aktivləşə bilmir və nəzərə çarpacaq şəkildə təsir etmir. Danq qızdırması ilə ilk dəfədir ki, üz-üzə gəlmişik. Bu xəstəlik Azərbaycan üçün xarakterik deyil. Bizim coğrafiya həmin virus üçün əlverişli şərait yaratmır. İrandakı statistika da göstərir ki, yoluxma sürəti həyəcanlanmağa əsas vermir. Lakin iqlim dəyişikliyi həşəratların da yer dəyişməsinə səbəb olur. Bu baxımdan bəlkə hansısa şərait yarana bilər. Lakin bu ehtimaldır, reallıqda isə hansısa dəqiq məlumat əlimizdə yoxdur”. 

ÜST-ün yaydığı məlumatda bildirilir ki, dünyada təxminən, 4 milyard insan danq qızdırması virusuna yoluxma riski altındadır. Hazırda danq qızdırmasının spesifik müalicəsi yoxdur, lakin erkən diaqnoz və müvafiq tibbi yardıma əlçatanlıq ölüm ehtimalını azaldıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->