Xəbər lenti

Teatrlarda yeni dövr: Baş rejissorları hansı tale gözləyir?
Sənət 14:41 30.01.2026

Teatrlarda yeni dövr: Baş rejissorları hansı tale gözləyir?

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mədəniyyət Nazirliyi Azərbaycan teatrlarında struktur islahatları həyata keçirib.
 
Adil Kərimli yeni qərarı ilə dövlət teatrlarının yeni əsasnamələri, struktur və ştat cədvəllərində dəyişiklik edərək bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələri ləğv etdi. Bunların əvəzində isə mədəniyyət ocaqlarının ştat cədvəlində yaradıcılıq, tərtibat, maliyyə və marketinq əsaslı şöbələr yaradıldı.

Ştatı ləğv edilən teatrların baş rejissorları teatrlardan ayrıldımı? 26 teatrın baş rejissoru teatrlarda necə fəaliyyət göstərəcək?
 


Bakı Bələdiyyə Teatrının eks-baş rejissoru Mərahim Fərzəlibəyov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni qərardan sonra teatrda necə fəaliyyət göstərəcəklərinə dair hər hansı məlumat verilməyib:

"Dövlətin qanunu və islahatıdır. Bu məsələ çoxdandır müzakirə olunurdu. Mənə elə gəlir ki, rejissorlar boş qalmayacaq, dəvətlə tamaşalar qoyacaqlar. Dövlətin qərarını alqışlayıram. Belə bir təcrübə var ki, bunlar da addım atıb. Məndə olan məlumata görə, teatrların baş rejissor ştatları ləvğ olunmayıb, adı dəyişilib. Belə məlumat var ki, baş rejissorlar Yaradıcılıq üzrə müdir ştatı ilə əvəzlənəcək. Mən tamaşalar hazırlayıram. 7 ildir ki, Bakı Bələdiyyə Teatrında işləyirəm, başqa teatrlardan da dəvət gələndə gedib tamaşa hazırlayıram, heç vaxt boş qalmamışam. Teatrlar bütün rejissorları dəvət edə bilər. Bu da teatr üçün maraqlı olacaq, çünki hərənin öz baxışı var”.

Akademik Opera və Balet Teatrının eks-baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Hafiz Quliyev də işinin başında olduğunu vurğulayıb:

"Tamaşalar qoyuram, məşqlər edirik. Yeni ştatla bağlı bizə heç bir məlumat verilməyib. Yəqin qarşıdakı həftədə hər şey aydınlaşacaq. Bu yenilik bütün dünya teatrlarında həyata keçirilir”.

Bahar Rüstəmli
--> -->