Xəbər lenti

Tanınmış həkimin vəkili ittihamları cavablandırdı
Ölkə 16:06 20.04.2026

Tanınmış həkimin vəkili ittihamları cavablandırdı

Respublika Diaqnostika Mərkəzində əməliyyatdan 20 gün sonra dünyasını dəyişən Ziyafət Səfiyevanın ölümünə görə mərhumun qızı Lamiyə Quliyeva tərəfindən ittiham olunan uzman neyrocərrah Tural Rəhimli məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun məlumatına görə, Tural Rəhimlinin iddiasına Nizami Rayon Məhkəməsində baxılır. Artıq iş üzrə bir proses keçirilib. Növbəti proses aprelin 27-nə təyin edilib. 

Tural Rəhimlinin hüquqlarını müdafiə edən "Pro Bono" vəkil bürosunun vəkili Nurəngiz Qarayeva Qaynarinfo-ya bildirib ki, məsələnin məhkəmədə mübahisələndirilməsi qarşı tərəfin qərəzli, bəzi hallarda şər-böhtan xarakteri daşıyan ittihamlarının qarşısını almaq üçündür: 

"Qeyri-konstruktiv, qərəzli və bir çox hallarda şər və böhtan xarakteri daşıyan polemikaların davam etməsinin qarşısını almaq, həmçinin səsləndirilmiş iddiaların obyektiv, tam və hərtərəfli araşdırılması və onlara hüquqi qiymət verilməsi məqsədilə doktor Tural Rəhimli tərəfindən məsələnin hüquqi müstəviyə çıxarılması barədə qərar qəbul edilib. Lamiyə Quliyeva da məhkəməyə müracitə edib. Hər iki müraciət hazırda eyni hakimin icraatındadır. Biz iş üzrə bütün məsələlərin hərtərəfli və obyektiv araşdırılmasına, zəruri hesab edilən istənilən ekspertizanın keçirilməsinə və istənilən müvafiq prosedurların aparılmasına tam hazırıq. Ədalətin bərqərar olacağına inanırıq".

Nurəngiz Qarayeva məhkəmə ərəfəsində qarşı tərəfin sosial şəbəkələr və mediada davamlı paylaşımlar etməsi ədalət mühakiməsinə təsir göstərmək və ictimai rəy üzərindən təzyiq yaratmağa cəhd kimi qiymətləndirilə bilər.

"Belə paylaşımlar etmək yolverilməzdir. Eyni zamanda zərərli davranışdır. Hər kəsi məhkəmə prosesinin nəticələrini gözləməyə və məsələyə hüquqi müstəvidə yanaşmağa çağırırıq", deyə Nurəngiz Qarayeva vurğulayıb.

Seyid
--> -->