Xəbər lenti

İçindən gəldiyi kimi yaşayan şair - Yafəs Türksəsin keşməkeşli taleyi və xatirələrdə qalan izləri
Sənət 16:48 20.04.2026

İçindən gəldiyi kimi yaşayan şair - Yafəs Türksəsin keşməkeşli taleyi və xatirələrdə qalan izləri

"Yafəs Türksəs içindən gəldiyi kimi yaşayan bir insan idi. Cəmiyyətin təpkisindən qorxmurdu, necə istəyirdisə, elə də yaşayırdı. Belə adamlar Azərbaycanda çox azdır".

Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Şərif Ağayar mərhum şair Yafəs Türksəslə bağlı xatirələrini bölüşərkən deyib. 

O bildirib ki, Yafəs Türksəslə 1990-cı illərin sonunda Vahid Poeziya Evində tanış olub:

"O vaxtdan təxminən 30 ilə yaxın vaxt keçir. Qəfil şəkildə epiqon qəzəllər yazan, Füzulini, Vahidi, Seyid Əzimi imitasiya edən Bakı qəzəlxanlarının arasından qalxıb bir heca şeiri oxudu. Həmin şeir bu gün də yadımdadır: 

"Vaqifin ruhudur mənim taleyim, 
Dolanır hər səhər Şuşanı indi, 
Qoyub gəldiyiniz şəhid qəbiri, 
Düşmənin əlində üşənib indi.

Onun "üşənib” sözünü işlətməsi mənə çox təsir etdi. Tanış olduq, məlum oldu ki, Cəbrayıldandır. Mən də Laçından olduğum üçün Bakı mühitində bir növ yerlilik  hissi vardı. Elə o vaxtdan münasibətimiz başladı".
 


Şərif Ağayar qeyd edib ki, Yafəs Türksəs maraqlı şeirlər yazsa da, əsasən əruz vəznində yazmağa üstünlük verirdi:

"Qarabağ və Zəngəzur bölgəsindən olanlarda əruz o qədər də uğurlu alınmır. Bu, bizim poetik duyumumuzdan bir qədər uzaqdır. Ona da demişdim ki, əruzda yazmaq məcburiyyətində deyil, özünü daha çox heca və sərbəst şeirdə axtarmalıdır".

Onun sözlərinə görə, həmin dövrdə şair bir sıra maraqlı şeirlər yazıb və ədəbi mühitə inteqrasiya etməyə çalışıb: 

"Yafəs bizdən yaşca xeyli böyük idi, amma münasibətimiz səmimi idi. Onun ən böyük problemi həyatının keçid dövrünə düşməsi idi. Nə gənc idi, nə də yaşlı. Üstəlik, ağır sosial şəraitdə – məcburi köçkün həyatı yaşayır, yataqxanada qalırdı. Gününü çətinliklə keçirirdi".

Yazıçı qeyd edib ki, Yafəs Türksəs ədəbiyyata gec gəlib və bu, onun yaradıcılığında da hiss olunurdu:

"Lazımi mütaliəsi yox idi, ədəbi mühitə uyğunlaşmaqda çətinlik çəkirdi. Amma maraqlı insan idi, onunla ünsiyyətdə darıxmaq mümkün deyildi. Müəyyən mənfi cəhətləri də vardı, bəzən yaşına uyğun olmayan davranışlar sərgiləyirdi. Sonradan yollarımız ayrıldı, o, öz yaradıcılığı ilə məşğul olurdu, kitabları çap edilirdi. Təəssüf ki, özünü tam realizə edə bilmədi və bəziləri onun yaradıcılığına qeyri-ciddi yanaşırdı".

Şərif Ağayar əlavə edib ki, şairin vəfatı ilə bağlı xəbəri də qəfil alıblar:

"Onun yas mərasimində iştirak edə bilmədik. Sonradan öyrəndim ki, yas mənim yaşadığım qəsəbədə olub, amma xəbərimiz olmayıb. Dostları da bundan xəbərsiz qalıb. Bu, çox qəribə bir ayrılıq idi. Onu həmişə xoş xatirələrlə yad edəcəyəm. Xəstəlik ağciyərində sürətlə yayılmışdı, xəstələnməsi ilə vəfatı arasında çox az vaxt oldu. Heç olmasa, Cəbrayılın azad olunmasını gördü. Zarafatla deyirdim ki, səni Cəbrayıla yola salacağıq. Əsas odur ki, vətən həsrəti ilə getmədi".

Şair-yazıçı Cəlil Cavanşir də Yafəs Türksəsi maraqlı və koloriti bir insan kimi xatırlayıb:
 


"Çox yaxın münasibətimiz yox idi, amma məclislərdə tez-tez rastlaşırdıq. Bəzən sosial şəbəkələrdə də ünsiyyətimiz olurdu. Onun faciəsi daha çox ölkənin sosial-iqtisadi şəraiti ilə bağlı idi. Əgər 30 il sonra doğulsaydı, özünü daha yaxşı realizə edə bilərdi. Bəzi şeirləri məni həqiqətən təəccübləndirib, bu da onun istedadını göstərirdi. Ruhu şad olsun".

Qeyd edək ki, bu gün Yafəs Türksəsin doğum günüdür. Şair 2022-ci ildə ağır xəstəlikdən vəfat edib. 

Bahar Rüstəmli
--> -->