Xəbər lenti

Suriyada sabitlik nə vaxt yaranacaq? (ŞƏRH)
Dünya 12:10 18.01.2025

Suriyada sabitlik nə vaxt yaranacaq? (ŞƏRH)

"Suriyada daxildə ictimai-siyasi sabitliyi bərqərar və sağlam siyasi keçidi təmin etmək asan olmayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Suriyada bütün etnik qrup və siyasi təşkilatların iştirakı ilə ictimai-siyasi sabitliyə nail olub-olunmayacağı barədə suala cavabında deyib:

"Suriyada hələlik proses çox ağır gedir. Bu da indiki dövrdə normaldır. Çünki rejim yeni dəyişib. Üstəlik Suriya elə bir yerdir ki, orada çoxsaylı dövlətlərin maraqları var və indi hər kəs öz marağının təmin olunmasına çalışır. Bu da daxildəki siyasi prosesləri ləngidir. Üstəlik qalib gələn qüvvələr də vahid deyillər. Mərkəzdə dayanan keçmiş cihadçı qruplardır, hansı ki, radikal islamçı düşüncənin daşıyıcılarıdırlar. Bu isə işləri bir az da çətinləşdirir. Suriya bilindiyi kimi, çoxmillətli və çoxlu dini-məzhəbi camaatların yaşadığı ölkədir”. 
 


Ekspertin fikrincə, Suriyada raidkal islamçıların hakimiyyət qurması elə də asan məsələ olmayacaq:
 
"Ehtimal ki, bundan narazı qalanlar olacaq və var. Özü də təkcə ələvilər və ya xristianlar deyil, eyni zamanda ənənəvi sünnilər də. Dünyəvi əhalinin də narahatlığı var. Çünki onlar Suriyanın islamçı bir rejim tərəfindən idarə olunmasından və keçmiş dünyəvi sistemin aradan qaldırılmasından ehtiyat edirlər. Yəni nəticə etibarı ilə Suriyada daxildə siyasi-ictimai sabitliyi bərqərar və sağlam siyasi keçidi təmin etmək elə də asan olmayacaq. Üstəlik nəzərə almaq lazımdır ki, İsrail Suriyanın böyük bir hissəsini ələ keçirib, şimal-şərqdə isə az qala 20 faizdən çox ölkə ərazisinə kürdlər nəzarət edir”. 

Qeyd edək ki, Bəşər Əsəd rejimi devriləndən sonra Suriyada müvəqqəti hökumət yaradılıb. Əsas hakimiyyət isə "Heyət Təhrir eş-Şam” qruplaşmasının rəhbəri əsl adı Əhməd Hüseyn əl-Şara olan Əbu Məhəmməd əl-Qolaninin əlindədir.
 
Yeni hakimiyyət Suriyada əmin amanlığın, sabitliyin təmin olunmasına çalışır. Bunun çıxış yolu ilə ölkə daxilində mövcud olan bütün siyasi və silahlı qruplaşmalar, etnik qruplarla dil tapmaqdan keçir. Hansı ki, Suriya şəraitində buna nail olmaq olduqca çətin, hətta demək olar mümkünsüzdür. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->