Xəbər lenti

Son dərəcə yüksək intellektə malik insanları qıcıqlandıran 11 şey
Dünya 10:39 18.01.2026

Son dərəcə yüksək intellektə malik insanları qıcıqlandıran 11 şey

Son dərəcə ağıllı olmaq hər zaman üstünlük sayılmır. Şübhəsiz ki, bu, imtahanları daha asan verməyə və karyerada daha sürətlə irəliləməyə kömək edir. Lakin intellektin çatışmayan cəhətlərindən biri də odur ki, bir çox insan və ya vəziyyət nəzarətsiz qəzəbə səbəb ola bilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango” nəşri yazır.

Davidson İnstitutunun mütəxəssisləri bildirir ki, istedadlı qabiliyyətləri müşayiət edən intensiv emosiyalar və artmış həssaslıq tez-tez məyusluğa və qəzəb partlayışlarına gətirib çıxara bilər.

Nəşrin qeyd etdiyi kimi, ağıllı insanlar sakit qalmaq və emosiyalarını cilovlamaq üçün əllərindən gələni etsələr də, üzlərindəki soyuq ifadə onların daxildə qaynayıb-daşmadığı anlamına gəlmir.

Əgər aşağıdakı 11 hal sizi qəzəbləndirirsə, böyük ehtimalla son dərəcə yüksək intellektə maliksiniz.

1. Özünə inamın bacarıqla qarışdırılması

Təəssüf ki, otaqdakı ən yüksək səsə malik olan insanlar adətən ən çox dinlənilənlər olur. Qarşı tərəf mənasız danışsa və ya mövzudan xəbərsiz olsa belə, bu çox vaxt əhəmiyyət kəsb etmir. Özünə inam insanlara çox şey qazandırır və məhz bu da ağıllı insanları qıcıqlandırır. Özünə güvənən bədən dili və yüksək tonlu səs bir çoxlarını inandırmağa yetir.

2. Sözlərini təkrar etməyə məcbur qalmaq

Ağıllı insanlar dediklərinə bütün diqqətini və enerjisini sərf edir. Sözlər ağızdan asanlıqla çıxırmış kimi görünsə də, əslində onlar danışmazdan əvvəl fikirlərini diqqətlə ölçüb-biçirlər. Buna görə də dediklərini təkrar etməli olduqda bu, onlarda ciddi qəzəb yaradır. Nəşr vurğulayır ki, eşidilmədiyini hiss etməkdən pis heç nə yoxdur.

3. Heç bir məqsədə xidmət etməyən qaydalar

Yüksək intellektə malik insanlar adətən qaydaları sevirlər. Qaydaların və aydın prinsiplərin həyatı daha nizamlı etdiyini inkar etmək çətindir. Lakin əgər heç bir faydası olmayan qaydalar sizi əsəbiləşdirirsə, bu da yüksək intellekt əlaməti ola bilər.

4. Qərarsız insanlar

Ağıllı insanları xarakterizə edən əsas cəhətlərdən biri qətiyyətli olmalarıdır. Onlar tərəddüd etməyi sevmir və qərar verdikdən sonra geri addım atmırlar. Məhz buna görə də qərarsız insanlar onları qıcıqlandırır.

5. Danışıq zamanı sözün kəsilməsi

Bir çox ağıllı insan həddindən artıq düşünür. Onların zehni demək olar ki, daim müxtəlif fikirlərlə məşğuldur. Tarixi faktlardan tutmuş siyasi proseslərə qədər düşüncələrini sona çatdıra bilməmək onları dəli edir.

6. Həddindən artıq emosional insanlar

Yüksək intellektli insanlar çox vaxt emosional zəkaya da malik olur və başqalarının fərq etmədiyi detalları görürlər. Bununla belə, həddindən artıq ağlayan və ya daim özündən danışan insanlardan tez yorula bilirlər. Onlar belə insanları həddindən artıq emosional hesab edirlər.

7. Dəyişiklikdən qorxanlar

İnsanlar dəyişikliklərə açıq olduqlarını desələr də, əksəriyyəti vərdişlərinə bağlı qalır. Dəyişmək asan olmasa da, inkişaf üçün zəruridir.

8. Elektron məktubla həll edilə biləcək iclaslar

İşinizlə məşğul olduğunuz anda qəfil və mənasız bir iclasa çağırılmaq bir çox ağıllı insan üçün əsəbləri pozan vəziyyətdir. Bu, korporativ həyatın adi hissəsi sayılsa da, əksər hallarda vaxt itkisi kimi qiymətləndirilir.

9. Xırda məsələlərdə uğursuzluqlar

Hər kəsin stress həddi fərqlidir. Kimisi üçün önəmsiz olan bir detal başqası üçün ciddi narahatlıq yarada bilər. Əgər xırda şeylər sizi qəzəbləndirirsə, bu da yüksək intellekt göstəricisi ola bilər.

10. Əvvəl edib, sonra düşünən insanlar

Məsələlər üzərində düşünmədən hərəkət etmək ağıllı insanları ən çox qıcıqlandıran davranışlardan biridir. Onlar sevdiklərinə qarşı anlayışlı ola bilsələr də, düşünülməmiş addımları asanlıqla bağışlamırlar.

11. Takt hissi olmayan insanlar

Bu insanlar bilərəkdən kobud davranmaya bilərlər. Lakin başqalarını alçaldan və ya hörmətsizlik edən hərəkətlər ağıllı insanları ciddi şəkildə narahat edir. Bu, onların emosional zəkası və ya harmoniya axtarışı ilə bağlı ola bilər, lakin belə davranışlar bağışlanmır.

Aydın

--> -->