Xəbər lenti

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının son durumu açıqlandı (YENİLƏNİB)
Ölkə 17:43 21.02.2026

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının son durumu açıqlandı (YENİLƏNİB)

Ələt-Astara magistralında avtomobildə baş vermiş yanğını söndürərkən maşın vuran FHN əməkdaşının vəziyyəti qənaətbəxşdir.

Bu barədə  Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir FHN əməkdaşının həkiməqədər ölüm faktı qeydə alınıb.
 
 10:31
 
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Qaynarinfo-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 
 10:09

Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan "Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.

Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.
--> -->