Rusiyadakı uşaq bağçalarında və məktəblərdə uşaqlar Ukrayna ilə müharibədə iştirak edənlər üçün yardım toplamağa və onlara müraciət videoçarxları hazırlamağa məcbur edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verstka" nəşri məlumat
yayıb.
Tədbirlər Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi "Vətən müdafiəçisi ili" çərçivəsində həyata keçirilir.
Ufa şəhərindəki 263 saylı uşaq bağçasında uşaqları müharibədə iştirak edənlərə təşəkkürlərini bildirən videoya çəkməyə məcbur ediblər. Hesabatda qeyd olunub ki, Başqırdıstanda 2025-ci il "Xüsusi hərbi əməliyyat" iştirakçılarını və onların ailələrini dəstəkləmə ili elan olunub. Kalmıkiyanın Açineri qəsəbəsindəki məktəbdə şagirdlər cəbhəyə səngər şamları göndəriblər. Arsk şəhərinin 1 saylı məktəbində isə şagirdlər qaz balonları toplayıblar.
Bir çox uşaq bağçası və məktəblərdə müharibə iştirakçıları ilə görüşlər keçirilir. Udmurtiyanın Srednee Keçyovo kənd məktəbində uşaqlar üç ildir "öz yoldaşları ilə birlikdə tarix yazan" bir hərbçi ilə görüşüblər və ona səngər şamları, corablar və nəm salfetlərdən ibarət bağlama təqdim ediblər. Rostov-Dondakı 313 saylı uşaq bağçasına hərbçi gətirilib, o, uşaqlara təlim paraşütünü göstərib. Təqdimatda qeyd olunub ki, "uşaqlar xüsusi hərbi əməliyyatın iştirakçısına heyrətlə baxıb, ona müharibə şəraiti, silahlar və döyüş əməliyyatları ilə bağlı suallar veriblər. Əsgərlər haqqında çox oxumaq olar, amma belə bir görüş uşaqların yaddaşında daha güclü təəssürat yaradacaq”.
Orlov vilayətinin Soskovo kəndindəki uşaq bağçasının sakinlərinə Böyük Vətən müharibəsi dövrünə aid əsgər dəbilqəsi göstərilib. Korjyam şəhərinin 14 saylı bağçasında isə "Xüsusi Hərbi Əməliyyat Muzeyi" yaradılıb. Ulyanov vilayətinin Yazıkovo qəsəbəsi və Ryazan vilayətinin Spassk şəhərindəki uşaq bağçalarında bayraq qaldırma və himnin dinlənməsi mərasimləri keçirilib. Yazıkovo qəsəbəsində bu şərəf, atası Ukraynaya qarşı müharibədə iştirak edən bir qıza tapşırılıb.
Bundan əlavə, bəzi məktəblərin və uşaq bağçalarının sosial media səhifələrində "Vətən müdafiəçisi ili"nə həsr olunmuş broşüralar dərc edilib. Bu broşüralarda bu illə bağlı şeirlər və onun mənası haqda məlumatlar yer alır. 2025-ci ilin "Vətən müdafiəçisi ili" elan edilməsinin, Putinin sözlərinə görə, "bizim qəhrəmanlarımızın və xüsusi hərbi əməliyyat iştirakçılarının şərəfinə" olduğu və Böyük Vətən müharibəsində qələbənin 80 illiyi ilə bağlı olduğu vurğulanıb.
Alpər
Şərhlər