"Son günlər əldə edilən bu uğurlar Ukrayna hərbi sənaye kompleksinin texnoloji inkişafının nəticisidir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri son günlər Ukrayna Ordusunun savaşda əldə etdiyi müəyyən qələbələrinin arxasında dayanan hərəkətverici qüvvənin nə olduğunu açıqlayarkən deyib.
"Texnoloji inkişaf üçün investisiya və texnologiyaların transferinə ehtiyac var ki, Avropanın aparıcı ölkələri bunu öz öhdələrinə götürüblər. Bu gün pilotsuz uçuş aparatlar istehsalında Ukranya öndə gedən ölkələrdən biridir. Kiyev PUA-lardan istifadə etməklə Rusiyanın dərinliklərindəki enerji infrastrukturlarına ciddi zərər verməkdədir", deyə politoloq qeyd edib.
Natiq Miri bildirib ki, onun nəticəsi olaraq hazırda Rusiyada benzin satışında çətinliklər yaşanır:
"Bu, davamlı prosesdir. Ukrayna həmçinin 3000 km-lik uzaqmənzilli raket istehsalına da başlayıb. Bu o deməkdir ki, Rusiya müharibəni davam etdirməyə, dinc əhalini ödürməyə davam edərsə, onun öz itkiləri də çoxalacaq".
Politoloqun fikrincə, perspektivdə Moskva və Sankt-Peterburq da vurulacaq, ölkənin ən strateji müəssisələri məhv ediləcək ki, bu da ictimai rəydə Putinin nüfuzuna mənfi təsir göstərəcək:
"Yəni müharibə Putinə qələbə nöqteyi-nəzərdən heç nə vəd etmir. Rusiya ordusu böyük itkilərlə yerində sayır. Donbasda qalan strateji şəhərlərin heç birini ala bilmir".
Qeyd edək ki, son günlər Ukrayna Ordusu cəbhə xəttində əvvəlki dövrlərlə müqayisədə öz mövqeyini müəyyən qədər möhkəmləndirə bilib. Belə ki, Ukrayna Ordusu Donetsk vilayətində 5-6 kəndi azad edib. Bundan başqa Ukraynaya məxsus dronlar son zamanlar Rusiyanın müxtəlif ərazilərini mütəmadi olaraq atəş altında saxlamaqda davam edir. Nəticədə Rusiyanın bir sıra vacib infrastrukturlarına ciddi zərbələr dəyib. Ölkədə benzin qıtlığı yaranıb.
Rüfət Sultan
Şərhlər