Xəbər lenti

Meşə torpaqlarından aqrar məqsədlərlə istifadə - Qanun nə deyir?
Ekonomiks 15:58 09.02.2026

Meşə torpaqlarından aqrar məqsədlərlə istifadə - Qanun nə deyir?

Azərbaycanda meşə torpaqlarının istifadəsi həm ekologiya, həm ərzaq təhlükəsizliyi, həm də aqrar siyasət baxımından aktuallığını qoruyur. Bu torpaqlar ölkənin biomüxtəlifliyinin qorunması, torpaq eroziyasının qarşısının alınması və su ehtiyatlarının davamlı idarə olunması baxımından mühüm rol oynayır. Eyni zamanda əhalinin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması baxımından meşə sahələrinin səmərəli istifadəsi də prioritet məsələlərdən biridir.
 
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya bildirib ki, Azərbaycanda meşə torpaqlarından istifadə məsələsi ekologiya, ərzaq təhlükəsizliyi və aqrar siyasət baxımından aktualdır:

"Meşələr ölkənin biomüxtəlifliyi, torpaq eroziyasının qarşısının alınması, su ehtiyatlarının qorunması və iqlim sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının istehsalı baxımından torpaqların səmərəli istifadəsi prioritet məsələlərdən biridir".
 


Akif Nəsirli deyib ki, meşə torpaqlarından birbaşa kənd təsərrüfatı məqsədilə istifadəsi qanunla məhdudlaşdırılıb:

"Meşə fondu torpaqları əsasən meşəçilik, ekoturizm, biomüxtəlifliyin qorunması və təbii resursların dayanıqlı istifadəsi üçün nəzərdə tutulur. Bununla belə, bəzi hallarda meşə torpaqları ağacçılıq, meyvəçilik və çay, zeytun, fındıq kimi yüksək qiymətli bitkilərin yetişdirilməsi üçün uyğundur".

Ekspert əlavə edib ki, meşə torpaqlarının kənd təsərrüfatı məqsədilə istifadəsi qadağan olunsa da, otlaq və ya texniki məqsədlər üçün məhdud istifadə qanun çərçivəsində mümkündür:

"Lakin bu, ekoloji tarazlığın qorunması şərti ilə həyata keçirilir. Bu gün meşə torpaqlarının istifadəsi bir tərəfdən iqtisadi baxımdan perspektivli ola bilər, digər tərəfdən isə ekologiyanın və ətraf mühitin qorunması üçün ciddi qaydalar və məhdudiyyətlər mövcuddur".
 
Günay İlqarqızı


--> -->