Xəbər lenti

Qızıl biznesinə görə 33 minini aldı - Məhkəmədə qaytardı
Ölkə 15:47 18.04.2026

Qızıl biznesinə görə 33 minini aldı - Məhkəmədə qaytardı

Bakıda tanışının təxminən 33 min manatını mənimsəməkdə ittiham olunan biznesmen qadın barəsində məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan İradə (Nəbiyeva) İbrahimova barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəmədə araşdırılıb.

İttihama əsasən, qızıl alqı-satqısı ilə məşğul olan İbrahimova (Nəbiyeva) İradə Fərrux qızı Könül adlı qadına qazanc vədi verərək ondan 33 070 manat pul alıb və həmin vəsaiti mənimsəyib. Zərərçəkmiş qadın İbrahimovanın qızıl biznesi ilə bağlı inandırıcı danışması və rəfiqəsi Təranə Mustafayeva tərəfindən etibarlı iş adamı kimi təqdim edilməsi səbəbindən ona inanıb. Pul vəsaiti 2025-ci il yanvarın 5-dən 14-dək olan müddətdə hissə-hissə verilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin vurulmuş ziyanı tam şəkildə ödədiyi, zərərçəkmişin hər hansı şikayət və tələbinin olmadığı məlum olub. 

Məhkəmənin hökmü ilə İradə İbrahimova "Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilən amnistiya tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv olunub.

Aydın
--> -->